Berkshire Hathaway fondunun sahibi, investor Uorren Baffett dünyanın ikinci zəngin insanı olub.
Keçən həftənin yekununa görə, Baffettin varidatı 73,7 milyard dollara yüksəlib və nəticədə o, meksikalı media-maqnat Karlos Slimi təxminən 300 milyon dollar qabaqlayıb. Milyarderlər siyahısında Baffetti yalnız Microsoft kompaniyasının banisi Bill Qeyts qabaqlayır.
Berkshire fondunun aksiyaları 2014-cü ilin əvvəlindən 27 faiz bahalaşıb və bu da Baffettin varidatının artmasına səbəb olub. Son zamanlar biznes sahəsində aktivlik göstərərək Procter & Gamble firması ilə Duracell batareyaları brendini əldə etmək barədə razılığa gələn Berkshire Hathaway iki ay bundan əvvəl ABŞ-ın Van Tuyl Group avtodiller şəbəkəsini də satın almışdı. Bununla yanaşı, fond Burger King restoranlar və Kanadanın qəhvə şəbəkələrinin alınaraq birləşdirilməsi üçün vəsait ayıra bilər.
2014-cü ilin mart ayında isə 10 ən zəngin şəxsin siyahısı belə idi:
1. Bill Qeyts - 76 milyard dollar
2. Karlos Slim - 72 milyard dollar
3. Amansio Orteqa – 64 milyard dollar
4. Uorren Baffett – 58,2 milyard dollar
5. Larri Ellison – 48 milyard dollar
6. Çarlz Kox – 40 milyard dollar
7. Devid Kox – 40 milyard dollar
8. Şeldon Adelson – 38 milyard dollar
9. Kristi Uolton – 36,7 milyard dollar
10. Cim Uolton – 34,7 milyard dollar.