Qadin.NET / Azərbaycan qadınının çətin seçimi: ev və ya iş?!

Azərbaycan qadınının çətin seçimi: ev və ya iş?!

 

Qadın işləyirsə, özünü ailəyə tam həsr edə bilməyəcəyini anlamalıdır

Əksər kişilər həyat yoldaşlarının işləməyini dəstəkləmirlər. Onların arasında qadına işləməyi qadağa qoyanlar da az deyil. Səbəb isə işləyən qadının həm kişiyə, həm uşaqlara, həm də evin rahatlığına az vaxt sərf etməsidir. İşləyən qadınlar evə qayıdarkən yorğun olur, evdar qadından daha çox ailəsinə diqqət ayırmağa və məsuliyyətli olmağa çalışsa da, əksikliklər özünü göstərir. Olmasa belə, qadın uşağını qoyub işə getdiyi üçün qınanılır.
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, yaxşı işləmək üçün insan özünü işə tam həsr etməli olur. İstər-istəməz ailəyə güc qalmır. Xüsusilə də, qadınlar bunun acısını hiss edir, ailəyə də, işə də eyni dərəcədə diqqətlə yanaşmaq üçün çarpışır: "Elə də adamlar var ki, özlərindən asılı olmadan işləyərək və özünü işə həsr edərək ailəsindən necə uzaqlaşdığını hiss etmirlər. Onlar üçün yalnız iş və işdən savayı vaxt qalsa ailə var. Tək qadınlar deyil, kişilər də ailə və iş arasında qalırlar".
Əgər qadın işləyirsə, özünü ailəyə tam həsr edə bilməyəcəyini anlamalıdır. O, işlədiyi müddətdə ailəsinə vaxt ayıra bilməyəcək. Onun daim ailə üzvlərinin yanında olması imkansızdır. İnsanların əksəriyyəti daha fəal olduqları saatları işdə keçirir, maddi cəhətdən özlərini və ailələrini təmin etmək üçün çalışır, onlar üçün doğma olmayan insanlarda uğurlu insan təəssüratını yaratmaq, nailiyyətləri ilə lovğalanmaq istəyirlər.
Həmsöhbətimizə görə, ailəli insan vaxtını düzgün bölməlidir. Şəxsi həyatla işgüzar həyatı arasında sərhədlər qoymalıdır. Müəyyən vaxtı işə, müəyyən vaxtı da sırf ailəsinə həsr etməlidir.
Rzayevanın sözlərinə görə, bəzi analar hesab edir ki, uşağa bir yaşına kimi tam özünü həsr etməlidir. Sonra isə işgüzar fəaliyyətə keçə bilər və artıq uşağın ona ehtiyacı o qədər də olmayacaq. Amma tədricən görürlər ki, bu, belə deyil. Uşaq varsa, ona həmişə qayğı və diqqət lazımdır: "Ancaq ananın evdə bütün günü olması heç də onun uşağa yaxşı baxmasının göstəricisi deyil. İşləyən ana da uşağı üçün kifayət qədər vaxt ayıra və onun tərbiyəsinə məsuliyyətlə yanaşa bilər".
Psixoloq bildirir ki, ana işləməyi qərara alıbsa, mütləq bunu nə üçün istədiyini və nəyə görə etdiyinin bilməlidir: "Məsələn, ana uşağına daha rahat və yaxşı həyat qurmaq üçün və ya öz həyatını rəngarəng etmək, həyat yoldaşının gözündə işgüzar, ağıllı və bacarıqlı görünmək üçün işləmək istəyir.
Yaxşı olar ki, işləyən ana kiminsə köməyinə müraciət etsin. Əks halda o, vəzifələrinin öhdəsindən gəlsə də, çox yorğun və əzgin olacaq. Özünü xoşbət hiss edə bilməyəcək. Onun gözündə yalnız gündəlik qayğıları olacaq. Kömək olanda isə qadın özünü ikiqat yüklənmiş hiss etmir. Əhvalı yüksək olur, daha motivasiyalı işləyir və ailəsinə yanaşır".
Bu gün körpəsi olan və işləyən anaların sayı artmaqdadır. Cəmiyyətdə dəstəklənməsə də, yenicə körpəsi olanlar da işləmək istəyir. Bəzi analar bunu özünə kompleks edir, bəzilərisə yox. İşləyən ana kompleksi olanlar özünü günahkar hiss etməmək üçün uşağa tez-tez hədiyyə, oyuncaq alır. Uşağı ərköyün edir, onun hər dediyini edərək tərbiyəsində səhvə yol verir. Belə kompleksi olan valideyn ona oyuncaqların deyil, diqqətin vacib olduğunu anlamalıdır.
Bəzi analar uşağa baxmaq istəmədiyi üçün bu məsuliyyətdən qaçır. Onlarda bacardıqca uşaqdan və evdən uzaqlaşmaq istəyini müşahidə etmək olar. Amma bunun əvəzinə uşaqla ünsiyyət, əlaqə qurmaq üçün müəyyən vaxt ayırmalıdırlar. Uşaq üçün sevildiyini, onunla maraqlandıqlarını bilmək önəmlidir: "Ana işləyirsə, narahatlığı yalnız uşaq deyil, ailənin digər üzvləri də hiss edir. İşdən qayıdan ana dərhal iş görməyə başlayır və ailə üzvlərilə ünsiyyət üçün vaxt qalmır. Bunun qarşısını imkan daxilində dayə və ya xidmətçi tutaraq almaq olar".
Müsahibimiz onu da qeyd edib ki, uşaq özü anasını yönləndirir və gününü təşkil edir. Uşağı olan qadın hansı saatlarda nə etməli olduğunu yaxşı bilir: "Uşaq özü ağlayır, yemək, yatmaq və ya oynamaq istədiyini bildirir. Özü anasının gününü rejimə salır". 

Mənbə: Milli.Az

 

9 dekabr 2014
GO BACK