Qadin.NET / Səfirdən ermənipərəst jurnalistə cavab

Səfirdən ermənipərəst jurnalistə cavab

 

Səfirdən ermənipərəst jurnalistə cavab

Azərbaycan səfiri Argentinanın ermənipərəst jurnalistinə cavab verib. Xarici İŞlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ənənəvi ermənipərəst mövqeyi ilə tanınan və Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərinə görə Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxs elan olunmuş, Argentinanın ən böyük KİV-i olan "Clarin" qəzetinin beynəlxalq siyasət bölümünün redaktoru Marselo Kantelminin Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanla bağlı növbəti qərəzli məqaləsinə münasibətdə Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin həmin qəzetdə məktubu dərc olunub. 
Yazıda səfir bildirir ki, 23 noyabr tarxində "Clarin" qəzetində dərc olunmuş məqalə qeyri-obyektiv fikirləri və Ermənistanın mövqeyini əks etdirir. “Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir və yeddi ətraf rayonla birlikdə Ermənistan tərəfindən işğal olunmuşdur ki, bu da ümumilikdə ölkəmin ərazisinin 20%-ni təşkil edir. 20 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirir və beynəlxalq hüquqa və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə məhəl qoymur”.
Azərbaycan səfiri qeyd edir ki, bu ilin 27 oktyabr tarixində Fransa prezidentinin təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində təşkil olunmuş görüşün ardınca böyük sülh sazişinin layihəsi üzərində iş aparmağa başlamaqdansa, Ermənistan işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi əməliyyatlara başlamış, 12 noyabr tarixində isə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Ermənistanın Mi-24 tipli iki helikopteri Azərbaycan qoşunlarının mövqelərini atəşə tutmuş və cavab atəşi ilə helikopterlərdən biri vurulub. 
“Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana təcavüzünün və Azərbaycanın suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır. Azərbaycan işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan etmiş və müvafiq qaydada Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırmışdır”, deyə Əhmədzadə fikirlərinə davam edir.
Yazıda qeyd olunur ki, çoxsaylı mülki vətəndaşların və siyasətçilərin qətli ilə uzun illərdi ki, hakimiyyəti qəsb etmiş və ölkəsini müflislik səviyyəsinə çatdırmış Ermənistanın hərbi-oliqarxik repressiv diktatura rejimi hazırda müxalifətin geniş etirazlarını yatırmaq üçün diqqəti münaqişə zonasına yönəltməyə çalışır. Yoxsulluq və iqtisadi problemlər səbəbindən hər il daha çox insanın Ermənistanı tərk etdiyini və bu ölkənin belə bir vəziyyətdən qurtuluşunun yalnız Azərbaycanla əməkdaşlıqdan asılı olduğunu deyən Əhmədzadə Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxuna malik olduğunu, ölkəmizin strateji valyuta ehtiyatlarının onun ümumi daxili məhsulunun 70 faizinə bərabər olduğunu və Azərbaycanın regional inkişafın özəyi olduğunu bildirir.
“Ermənistanın Azərbaycana qarşı təcavüzü regionda sülh və təhlükəsizliyə başlıca təhdiddir. Ermənistan Azərbaycanla sülhə tələsməli və ilk addım kimi öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”, deyə diplomat yazısını tamamlayır.
Azərbaycan diplomatının yazısı yerli erməni icmasının lidelərinin hiddətinə səbəb olub və erməni icmasına məxsus KİV-lərdə Azərbaycan diplomatının fikirlərini aqressivlik və dözümsüzlük kimi qələmə veriblər. 

 

Mənbə: ANS PRESS

8 dekabr 2014
GO BACK