Qadin.NET / İmtahanlarla bağlı rektorlara tapşırıq verildi

İmtahanlarla bağlı rektorlara tapşırıq verildi

 

Təhsil naziri ali məktəblərdə imtahan sessiyası ilə bağlı rektorlara tapşırıqlar verib

Təhsil naziri Mikayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmr ali təhsil müəssisələrində 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imzalanıb.
Əmrə əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər. Onlar nəzərə alsınlar ki, rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar. İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər. 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində yerləşən ali təhsil müəssisələrində payız semestrinin imtahan sessiyası 29 dekabr başlayacaq və 18 yanvar tarixində sona çatacaq.
Təhsil nazirinin müavini, aparat rəhbəri, aparat rəhbərinin müavini, Elm və ali təhsil və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar, ali təhsil müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.
Əmrin icrasına nəzarəti təhsil naziri öz üzərinə götürüb. 

Mənbə: Milli.Az

 

8 dekabr 2014
GO BACK