Qadin.NET / Yarpaqları yandırmayın!

Yarpaqları yandırmayın!

 

Payızda xəzəllərin yandırılmasına yəqin ki, çoxlarınız rast gəlmisiniz. Əksər sakinlər bunu təmizlik üçün etdiyini bildirir. Ancaq bu zaman ətrafa yayılan tüstü bir çoxlarını narahat edir. Mütəxəssislər isə xəzəlin yandırılmasını düzgün hesab etmir. Çünki yarpaqlar torpağa qarışaraq onun münbitliyini artıra bilər. 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, payızda libasını dəyişən ağacların yarpağından kəndlərdə, əsasən, mal-qaranın yemlənməsi üçün istifadə olunur. Tovuz kəndlərində isə xəzəli daha çox yandırmağa üstünlük verirlər. Torpağa ziyan vurduqlarından xəbərsiz olan kəndlilər, daha çox həyətlərin təmizlənməsinə, ən əsası isə yerə tökülən yarpaqların altında olan həşəratlardan qurtulmaq üçün xəzəlləri yandırdıqlarını söyləyirlər. 
Xəzəllərin yandırılması zamanı ətrafa yayılan tüstü isə bir çox sakinlərin narazılığına səbəb olur.
Kənd təsərrüfatı mütəxəssisləri də xəzəlin yandırılmasını doğru hesab etmirlər. Onlar ağacdan düşən yarpağın torpağa qarışaraq onun üst qatını münbitləşdirdiyini bildirirlər. 
Bir sözlə, qızıl payızın son günlərində tökülən yarpaqları yandırmaq həm torpaq, həm də insanlar üçün zərərlidir. İnsanlar torpaqdan qəbul etdikləri nə varsa, hamısını üzvi tullantılar şəklində geri qaytarmalıdırlar.
Mənbə: Milli.Az

 

8 dekabr 2014
GO BACK