Gözəl görünmək üçün xanımlar müxtəlif üsullara əl atırlar. İdeal çəkidə olmaq istəyi ilə “gözəllik qurban tələb edir” fikrini əsas götürərək yeməkdən, qidalardan imtina edir, aşırı dərəcədə idmanla məşğul olur, maye itirmək üçün sidikqovuculardan istifadə edir, süni qusma yaradırlar. Bu isə qorxunc anoreksiya xəstəliyinin əsasını qoyur. 2006-cı ildə adıçəkilən xəstəlik səbəbindən bütün dünyada tanınan braziliyalı model Anna Karolina Rosten 21 yaşında dünyasını dəyişib. Elə həmin il Argentinanın ən bahalı moda agentliyində çalışan 18 yaşlı model Elliana Ramos öz otağında ölü tapıldı. Ölümündən əvvəl gənc modelin günlərlə alma və pomidorla qidalandığı məlum oldu.
Gözəllik naminə özünü qurban verməyə dəyərmi?
Qadınlar daha çox ən asan üsula - dərman içməyə üstünlük verirlər. Bu cür dərmanlarla bağlı apteklərə üz tutduq. Apteklərdə müxtəlif adlarda arıqladıcı fito çaylar, qəhvələr və dərman preparatları var. Onların qiymətləri əsasən 70 qəpikdən başlayaraq 5 manat civarında dəyişir. Əczaçılar bu preparatlardan istənilən yaşda olan insanların həkim resepti olmadan istifadəsinin mümkünlüyünü bildirirlər. Əməkdaşımızın “bəs hansı daha effektlidir” sualına cavab isə belə oldu: “İnternetə daxil olun, hansını bəyənirsiz, nəzərinizdə saxlayın, gəlib bizdən ala bilərsiz”. Belə çıxır, görkəmi və qiyməti bizə maraqlı gələn istənilən arıqlama metodunu əldə edib istifadə edə bilərik. Halbuki hər bir şəxsin özünə məxsus orqanizmi, fiziki xüsusiyyətləri var. Ekspertlər bildirirlər ki, bəzi arıqladan dərman preparatları orqanizmdə plastik elementləri, elektrolitləri sıradan çıxarır. Bu zaman mikroorqanizmlərin itməsi ürəkdə, əzələlərdə adinamiya və güclü patoloji dəyişikliklərə gətirib çıxarır.
Dərmanların reklamı yolverilməzdir
Hazırda TV-lərdə, mətbuatda bu cür vasitələrin reklamı gedir və cidd-cəhdlə vətəndaşlara deyilir ki, onların təqdim etdikləri preparatlar tamamilə zərərsizdir. Tibb elmləri doktoru Adil Qeybulla məsələ ilə bağlı “Yeni Müsavat”a bunları deyib:
“Azərbaycan dərman bazarı çox təhlükəli vəziyyətdədir. Yəni həyəcan təbili çalınacaq bir durumdadır. Üstəlik, ictimaiyyətin də bu sahəyə nəzarəti zəifdir. KİV-lər bu haqda bəzi təbliğatlar aparır, amma bu yetərli deyil. Fikrimcə, çox ciddi müqavimət olmalıdır. Azərbaycana xarici ölkələrdən daxil olan dərman preparatlarının keyfiyyəti şübhə altındadır. Bu baxımdan arıqlamaq üçün istifadə edilən dərmanlar da bu siyahıya aiddir.
Bu tip dərmanlardan istifadə mütləq həkim nəzarəti altında olmalıdır. Özbaşına preparatlar alıb ondan istifadə etmək yolverilməzdir".
Əməkdaşımız apteklərdə olarkən ona bildiriblər ki, çaylardan istifadə tam təhlükəsizdir. A.Qeybulla isə bunu təkzib etdi:
“Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, bu çaylar da bəzi hallarda insan orqanizminə pis təsir göstərir. Çaylardan da istifadə mütləq həkim məsləhəti ilə olmalıdır. Onlardan istifadə zamanı bağırsaqlarda minerallar əriyir, yağlar sovrulur. Lakin mütəmadi istifadə ona gətirib çıxarır ki, mikroelementlər tamamilə sıradan çıxır və maddələr mübadiləsi pozulur. Yəni bu çaylardan istifadə fasilələrlə olmalıdır. Adıçəkilən çayların hansı şəraitdə qəbul edilməsi də həkimlə müəyyənləşməlidir. Çəkinin itirilməsi təkcə bədən çəkisinin itirilməsi demək deyil. Burada xeyli təlatümlər yaşanır. Orqanizm üçün lazım olan amin turşuları, doymamış yağlar var ki, onlar mütləq kənardan daxil olmalıdır. Belə olmazsa maddələr mübadiləsi pozulur”.
Arıqlamaq psixi xəstəliyə səbəb olur
Aparılan araşdırmalar zamanı məlum olub ki, tez bir zamanda arıqlayan insanlarda bəzi mənfi emosiyalar müşahidə olunur. Onlar özlərinə qapanır, yeməklərə qarşı həssas olur, ünsiyyətdə, münasibətdə əsəb gərginliyi ilə üzləşirlər. Həkim Adil Qeybullanın fikrincə, hər şey balanslaşdırılmış formada həyata keçirilməlidir: “Çəkinin itirilməsi çox təhlükəlidir. Çəkini itirdikcə orqanizmi müəyyən balansda saxlamaq lazımdır. Balans gözlənilmədikdə psixi halların yaranmasına gətirib çıxarır. Emosiyaların motivasiyasında beyin sintezinin əmələ gəlməsi isə qarşısıalınmaz psixi vəziyyət yaradır.
Bütün bunların baş verməməsi üçün gigiyena və qida institutları fəaliyyətə keçməlidir. Sovet dövründə Tibb Akademiyasında bu cür institutların vardı və bu sahədə kifayət qədər işlər görürdü. Bu cür institutların özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, orqanizm və onda olan mikroelementlər yoxlanılaraq konkret proqram tərtib edilir. Proqramda şəxsə hansı qidalardan istifadə edə biləcəyi tövsiyə edilir. Beləliklə, insan artıq çəkidən sağlam tərzdə azad olur. Lakin bu gün belə bir institutun olmasına baxmayaraq, təəssüflə bildirməliyəm ki, onların fəaliyyəti, demək olar ki, yoxdur və yaxud nəzərə çarpmır".
Mənbə: Milli.Az