Qadin.NET / Cəbhədə qızğın döyüşlər və helikopterin vurulması: Nələr dəyişdi?

Cəbhədə qızğın döyüşlər və helikopterin vurulması: Nələr dəyişdi?

 

Cəbhədə qızğın döyüşlər və helikopterin vurulması: Nələr dəyişdi?

Dövlət nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri bu gün bir araya gələrək informasiya təhlükəsizliyi məsələsini müzakirə ediblər. Toplantı iştirakçıları hərbi sirlərin yayılmasının, Ermənistanın informasiya sahəsində təxribatlarının qarşısını alınmasının yollarını müzakirə ediblər.
ANS TV-nin məlumatına görə, avqust ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş toqquşmadan sonra mediada yanlış məlumatların, habelə hərbi sirr xarakterli informasiyaların yayılmasından sonra aktuallaşan informasiya təhlükəsizliyilə bağlı müəyyən irəliləyişlər var.
Tədbir iştirakçılarının fikrincə, noyabrda Ermənistan Silahlı Qüvvələrinin helikopterinin vurulması ilə bağlı hadisə də, Azərbaycan mediası tərəfindən bir sıra kiçik istisnalarla düzgün işıqlandırıldı.
Toplantıda iştirak edən millət vəkili Aqil Abbas isə son dövrdə Müdafiə Nazirliyinin informasiya siyasəti ümumilikdə bəyəndiyini desə də, bir sıra iradlar irəli sürdü.
"Müdafiə Nazirliyi operativ olmalıdır ki, bizi qabaqlasın. O şəkli və videonu çəkən jurnalist deyildi, hərbçi idi. Düzdümü? Eyni zamanda "vur" deyən də hərbiçi idi. Orda heç bir jurnalist olmayıb. Dərhal həmin o informasiyanı sosial şəbəkədə yerləşdirən də hərbçidən alıb, ya da hərbiçi özü yerləşdirib. Görəsən o hərbçiyə cəza verdilərmi?”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə prezident İlham Əliyevin informasiya təhlükəsizliyinin təmin edilməsinə dair sərəncamına uyğun olaraq bir sıra qanunverici aktlara dəyişikliklər hazırlandığını dedi:
“Sərəncamda Nazirliyin müxtəlif qurumlarına qeyd olunan sahələr üzrə müəyyən olunmuş vaxtda, müvafiq tapşırıqların icrasının yerinə yetirilməsi göstərilib. Müdafiə nazirinin müvafiq qərarı ilə ilk növbədə Silahlı Qüvvələrdə KİV nümayəndələri ilə işin təşkili haqqında təlimat hazırlanmışdı”
Xatırladaq ki, avqustda cəbhə xəttində baş vermiş toqquşmadan sonra bir sıra kütləvi informasiya vasitələri insan itkiləri, guya azad edilmiş yaşayış məntəqələri barədə yanlış məlumat yaydılar. Bu səhvlərin pik nöqtəsi isə Azərbaycanın hərbi texnikasının hərəkət marşrutlarının mətbuatda yayılması oldu. Bundan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə media nümayəndələrinin iştirakı ilə toplantı keçirildi. Sonda isə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayaraq müxtəlif dövlət qurumlarına ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş tapşırıqlar verdi.

Mənbə: ANS PRESS

 

6 dekabr 2014
GO BACK