“Sədəqənin azı-çoxu olmaz” deyiblər, həm də nə gözəl deyiblər.
Sədəqənin bərəkəti miqdarında deyil, səmimiyyətində, niyyətin saflığındadır. Adam var, verdiyi sədəqə minlərlə, yüz minlərlə hesablanır, amma bu məbləğ onun imkanının mində biri qədər deyil. Adam da var, bircə manat verir, amma bu manat onun bütün imkanı qədərdir. Malın, mülkün həqiqi sahibi Allah (c.c.) bəndəsinin qəlbinə, niyyətinə baxar və ona məhz niyyətinə görə dəyər verər. Ona görə də bəzən bir manat min manatdan daha bərəkətli olar, daha çox savab qazandırar.
Rəsulullah (s.ə.s.) buyurmuşdur ki, sədəqə insana gələcək bəlanın qarşısını alar, önünü kəsər. Söyləyəcəyimiz bu söhbət də elə bu həqiqəti ifadə etməkdədir:
Süleyman əleyhissalamın ümmətindən bir adam evinin önündəki ağacda yuva quran quşların qapını batırdığından narahat olur və xeyli götür-qoy etdikdən sonra qərara gəlir ki, ağaca çıxıb quşların yumurtalarını yerə atsın, onlar da köçüb başqa yerdə yuva qursunlar, məsələ də bununla tamamlansın. Elə də edir. Quşlar da Həzrəti-Süleymana şikayətə gedirlər:
- Ey Allahın Peyğəmbəri, biz filankəsin evinin önündəki ağacda yuva qurmuşuq, o da yumurtalarımızı yerə atıb qırır.
Hz. Süleyman həmin adamı çağırıb tənbeh edir və bir də elə etməməyi tapşırır. Adam evinə dönür və bir neçə gündən sonra qapının çirkinə, üfunətinə dözmür, ağaca çıxıb yumurtaları yenə yerə atır. Ağacdan düşəndə orada kasıb bir adam görür. Kasıb deyir:
- Nə olur, mənə yardım elə, dərdimi kimsəyə deyə bilmirəm, qəfil bir işə düşmüşəm, çox ehtiyacım var.
Ev sahibi də bir kəlmə demədən ona lazım olan qədər məbləği ovcuna basır. Möhtac adam:
- Sən məni qəfil bir dərddən qurtardın, Allah da səni qəfil bəladan, müsibətdən qurtarsın!- deyə dua elədi.
Quşlar da yumurtalarının yenidən yerə atıldığını görüb, təbii ki, yenidən Süleyman Peyğəmbərə şikayətə getdilər. Süleyman Peyğəmbər də quşların şikayətini eşidib, iki cin çağırır və onlara əmr edir ki, gedib o ağacda gizlənsinlər və gözləsinlər. Elə ki, o adam ağaca çıxdı, onu tutub yerə elə çırpsınlar ki, bir daha ağaca çıxa bilməsin. Cinlər gedib həmin ağacın yarpaqlarının arasında gizlənirlər və gözləyirlər ki, adam nə zaman ağaca çıxacaq. Amma adam bu dəfə də yumurtaları yerə atıb qırır və quşlar yenə şikayətə gedirlər. Süleyman Peyğəmbər həmin cinləri çağırıb soruşur:
- Mən sizə “o adamı tutub yerə atın” demədimmi?
Cinlər cavab verirlər:
- Dediniz, ey Allahın Peyğəmbəri.
- Bəs elə isə niyə mənim əmrimi yerinə yetirmədiniz?
- Ey Allahın Peyğəmbəri, biz getdik və sizin buyurduğunuz kimi gözləməyə başladıq ki, adam ağaca çıxanda tutub yerə çırpaq. Adam ağaca çıxdı və biz ona əlimizi uzadan kimi iki mələk gəldi, bizi tutdular, birimizi şərqə, birimizi də qərbə elə atdılar ki, başımıza nələr gəldiyini belə anlaya bilmədik.
Həzrəti-Süleyman həmin mələklərin çağırılmasını istədi. Mələklər gəldilər. Peyğəmbər soruşur:
- Niyə qoymadınız ki, o iki cin mənim əmrimi yerinə yetirsinlər, adamı tutub yerə çırpsınlar?
Mələklər dedilər:
- O adam həmin ağacın altında ehtiyac içində olan bir yoxsula sədəqə vermişdi. Həmin yoxsul da “Allah səni hər cür qəfil bəladan, müsibətdən qorusun!”- deyə dua etmişdi. Həmin duadan sonra Allah-Təala bizə belə əmr etdi ki, gedib yoxsula sədəqə verən o adamı cinlərin çarpmasından qoruyaq. Biz də ildırım sürətiylə gedib, o adamı mühafizə altına aldıq. Cinlər də həmin adamı tutub yerə çırpmaq istəyəndə onları tutduq, birini şərqə, birini də qərbə atdıq, onu da təhlükədən qurtardıq.
Mələklərin bu cavabından sonra Süleyman Peyğəmbər həmin quşları çağırır və belə deyir:
- Bir kasıba verdiyi sədəqə o adamı cinlərdən gələcək xəta-bəladan qorudu. Gedin yuvanızı insanlara zərər verməyəcək başqa yerdə tikin.
Mənbə: Milli.Az