Qadin.NET / Sintepon haqqda nə bilirik?

Sintepon haqqda nə bilirik?

 

 

Həmişə yun döşək və yorğanlar ən keyfiyyətli əşyalar sayılıb. Gələn qonaqlara təklif olunan yerlər, qızlar üçün cehizlik döşəklər də elə yundan hazırlanıb. Qiymət və keyfiyyət baxımından baha olan yuna bu gün maraq azdır.Gənc nəsil artıq bu cür yorğan-döşəyə üstünlük vermir. Çox ağırdır, istidir, tozludur və bu kimi bəhanələrlə imtina edilən yun döşəklərin də bazarı ölüb desək, yanılmarıq. Yerini isə daha rahat hazırlanan, tez yuyulub, tez də qurudulan, olduqca yüngül sinteponlar alıb. Gənc nəsil üçün can rahatlığı, yaşlı nəsil üçün isə xəstəlik mənbəyi sayılan sintepon döşək və yastıqlara bu gün maraq olduqca böyükdür.
Bazarlarda sintepondan hazırlanan yataq dəstlərinin heç birini ucuz qiymətə tapmaq mümkün deyil. Hazır döşəklərin qiymətləri 100-150 manata kimi qalxır. Ortopedik, müalicəvi, masajlı və s. kimi özəlliklərə məxsus döşəklərin alıcıları da az deyil. Balışlar ölçüsünə və bərkliyinə görə 2 nəfər üçün 50-70 manat, yorğanlar isə 27-40 manat arasında dəyişir.
Allergiyası olan insanlar üçün yundan hazırlanan əşyalar məsləhət görülmür. Çünki yun daha çox toz toplayır və bu da allergiyanı oyatmış olur. AllerqoloqTural Həsənov da bu fikirdədir. Onun sözlərinə görə, yun yorğan-döşək sağlamlıq üçün nə qədər faydalı olsa da, daim təmizlənmədikdə insanda kəskin xəstəlik yarada və daha da ağırlaşdıra bilir: "Son zamanlar əhali daha çox sintepon döşəklərə üstünlük verir. Amma bunda da diqqətli olmaqda fayda var. Çünki düzgün seçilməyən sinteponlar da allergiyanı oyada bilər. Sintepon yataq əşyalarının əksəriyyəti kimyəvi tərkibli olduğundan faydasından çox ziyanı olur. Təmiz tərkibli sinteponlar antibakterial olur, tez nəmi qurutduğundan bakteriyaların inkişafına da imkan vermir. Yun əşyalar porolon, polyester, sinteponlarla əvəz edilməlidir. Hipoallergen məişət şəraiti allergiyası olanların sağlamlığının qorunması üçün böyük əhəmiyyətə malikdir. Ona görə də evdə allergiyası olan varsa, onun üçün hipoallergen şərait yaratmaq məqsədi ilə hər bir vasitədən istifadə etmək lazımdır".
Yun yorğan-döşəklərin sırınması ilə məşğul olan Suğra Əfəndiyeva hesab edir ki, qadınların sintepona marağı tənbəllikdən irəli gəlir. Sinteponlar yüngüldür, asan yuyulub, qurudulur, formasını itirmir. Amma yun belə deyil, yun daim baxım tələb edir. Əvəzində isə rahat yuxu verir: "Sintepon əşyalar revmatizmalı, eləcə də sintetik mallara allergiyası olan insanlar üçün zərərlidir. Sinteponlar çox yumşaq olduğundan bel və baş ağrılarını da yaradır. Amma yun belə deyil. Qədimdən hər kəs yundan istifadə edib. O vaxt indiki kimi belə geniş xəstəliklər yaranmayıb. Demək, yun sağlamlıq baxımından heç bir ziyan törətmir. Əksinə, nəmi çəkir, yayda sərin, qışda isti saxlayır, rahat olur".
Qeyd edək ki, hər iki materialdan hazırlanan yorğan-döşəklər keyfiyyətli hazırlanırsa, qiymət baxımından, demək olar, eyni olur. Rahatlıq və seçim isə alıcıların öz ixtiyarındadır. 

Mənbə: Milli.Az

5 dekabr 2014
GO BACK