Qadin.NET / "Avtoş" avtobus sürücülərinə qarşı yeni sistem

"Avtoş" avtobus sürücülərinə qarşı yeni sistem

 

 

Bakıda ictimai nəqliyyatda sürücü özbaşınalığına son qoyacaq yeni sistem yaradılır. ANS TV-nin məlumatIna görə, söhbət avtobus sürücüləri üçün yaradılacaq elektron bazadan gedir. Yeni sistemdə avtobus sürücüləri qeydiyyata alınacaqlar. Bazada onlar haqqında məlumatlar, xəstəlikləri, törətdikləri qəzalar yer alacaq. Sürücünün idarə etdiyi maşın markası və nömrə nişanı da sözügedən bazada öz əksini tapacaq.
"Sürücü özbaşınalığı" ifadəsinin açıqlaması isə hər kəsə tanışdı. Ya mindiymiz avtobusun sürücüsü sərnişinlə çox kobud davranır, ya nəqliyyat vasitəsini necə gəldi sürür, ya da özünü, necə deyərlər, lap ralli yarışlarında hiss edir.
Ekspert Ərşad Hüseynovun fikrincə, yeni sistem ictimai nəqliyyatdakı problemləri qismən həll edə bilər. Amma problemin düzgün həlli yolu ilk növbədə sürücülük vəsiqəsi olmayan avtobus sürücülərini işdən uzaqlaşdırmaqdır. Çünki heç bir sənədi olmayan sürücü avtomobili necə gəldi sürür, qayda-qanunu pozur, sərnişin - sürücü, sürücü - sahibkar arasında problemlər yaranır. Ekspertin fikrincə, mövcud problemlərdən biri də avtobus sürücülərinin tibbi sığortadan keçməməsidir:
"İctimai nəqliyyat sadəcə biznes deyil, bu bir xidmətdir. Hərdən belə deyirlər ki, reyd keçirildi, nəticədə sərxoş sürücü və ya avtobusu sənədsiz idarə edən sürücü aşkar olundu. Deməli, nəzarət lazımi qaydada deyil. Ayda bir dəfə, ya da iki aydan bir reyd keçirmək lazım deyil. Hər gün bu reydlər keçirilməli və nəzarət gücləndirilməlidir”.Nəqliyyat Nazirliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları isə yeni yaradılacaq baza işə düşdükdən sonra avtobus qəzalarının sayının kəskin azalacağını bildirirlər. Sürücü özbaşınalığı ilə əlaqədar mütəmadi reydlər də təşkil olunur. Baş verən qəzalar araşdırılır, günahı olan sürücünün işinə xitam verilir. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov qurum tərəfindən sürücülük kurslarının təşkil olunduğunu və bunun sürücülərin peşəkarlığını, məsuliyyətini artıracağını bildirdi.
Hər halda qurumlar müvafiq addımı atır, qalır bu addımların özünü doğrultması. Bu isə məsul şəxslər kimi sürücülərdən də asılıdır.

Mənbə: Milli.Az

5 dekabr 2014
GO BACK