Qadin.NET / Serial asılılığı da xəstəlikdir

Serial asılılığı da xəstəlikdir

Hər hansı bir maddədən və ya vəziyyətdən asılılıq insanın psixoloji və fizioloji sağlamlığına mənfi təsir göstərir. Fiziki asılılıqlarla yanaşı insanın gözdən qaçırdığı və qəbul etmədiyi ruhi psixoloji asılılıqlar da var. Bu asılılıqlar içərisində insana daha çox təsir edən, işindən ayıran, şəxsi həyatını təsirləndirən serial asılılığıdır.
Bu gün demək olar ki, bütün telekanallarda ard-arda yayımlanan seriallar insanları əsirinə çevirib. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, serialları çox adam izləyə bilər, amma demək olmaz ki, onların hamısı serial asılığına tutulub. Serial asılılığının da xəstəliklər kimi əlamətləri var: "Serial izləmə müddətinin gündəlik fəaliyyətlərə təsir edə biləcək hala gəlməsi, istəksiz izləmə davranışları, seriallara görə işləri bir kənara atmaq və ya yox hesab eləmək, asılılığı yox edə biləcək hər hansı bir cəhdin olmaması, mənasızlıq hiss etmək, serial izləmə saatlarının artması, serial izləmə asılılığının mənfi nəticələri serail asılılığının əlamətləridir".
Serial asılılığı hər kəsdə müşahidə edilə biləcək bir asılılıqdır. İdarəsiz serial izləmə davranışları uşaqların inkişafında və yetkinlik dövrü inkişaf bacarıqlarında dağıdıcı təsirlərin ortaya çıxmasına səbəb olur.
Müsahibimiz bildirir ki, seriallardakı xarakterlər və həyatlar mənfi bir modelləşdirməyə də səbəb olur. Və insan real həyatındakı məsiliyyətlərindən uzaqlaşaraq, serial xarakterləri ilə yaşamağa başlayır. Serialdakı xarakterin xüsusiyyətləri davranışların itiqamətini təyin edir. Uşaqlarda və yetkinlərdə müşahidə edilən təcavüzkar davranışlar, seriallar ilə artan maneçilik hissi yaradır.
Artan ünsiyyət problemləri, qarşıdurmalar, depressiya, məktəbə, ya da işə kafi zaman ayıra bilməmə bu asılılığın nəticələrinə nümunədir.
A.Əlibəylinin dediyinə görə, serial asılılığı da xəstəlikdir və bunun müalicəsi var. Serial asılılığının dağıdıcı təsirlərinin fərqinə varmaq, bu vəziyyətdən narahat olmaq asılılıq müalicəsində ilk addımdır. "Əgər serialların zamanınızı aldığını, işinizə mane olduğunu düşünürsünüzsə, psixoloqla məsləhətləşə bilərsiniz. Serial izləmə zamanlarını kitab oxumaq, yazı yazmaq, idman etmək, dostlarla görüşməklə əvəz edə bilərsiniz".
Həmsöhbətimizə görə, evdar qadınların kökəlmə problemlərindən biri də serial asılılığıdır. Çünki bir qadın sevdiyi serialı onuncu dəfə izləsə də yenə izləyir. Serial izləməklə yanaşı tum, çərəzlər, ara-sıra qidalar, meyvə də qəbul edir. Və bu da zamanla artıq kiloların əmələ gəlməsinə səbəb olur.
ABŞ psixoloqlarının araşdırmasına görə, insanlar öz xasiyyətlərinə uyğun proqramları, serialları izləyirlər. Yəni necə yaşamaq istəyirlərsə, elə süjetli seriallara da baxırlar.
Serialların ailə münasibətlərinə zərər verdiyi də aşkarlanıb. Belə ki, araşdırmalar zamanı məlum olub ki, ailələr seriallardakı zorakılıq və pis davranışları nümunə götürürlər. Buna görə də ailələri seriallardan uzaqlaşdırmaq ictimai fəaliyyətlərə istiqamətləndirmək lazımdır.
Sosioloq Nəzakət Əhmədova isə deyir ki, seriallar böyüklərlə yanaşı uşaqların psixologiyasına da mənfi təsir edir. "Seriallarda xəyanət, evli insanların bir-birinə qarşı davranışları, qadınların hiylələri o qədər təbliğ edilir ki, sadə bir ev xanımı öz həyatını serial üzərində formalaşdırmağa başlayır. Bununla yanaşı seriallarda qətl, cinayət elə formada işıqlandırılır ki, gənclər bilmədiklərini də öyrənirlər. Tamaşaçı serialın süjet xəttinə o qədər uyğunlaşır ki, nəyin pis, nəyin yaxşı olduğunu müəyyənləşdirə bilmir. Elə bir dövrə çatmışıq ki, insanlar ailə qurmağı, geyinməyi, sevməyi, boşanmağı, yaxşı yaşamağı da seriallardan öyrənir. Bu gün əri fəhlə işləyən hər hansı bir qadın seriala baxıb oradakı kimi həyat arzulayır. Sevilmək istəyir. Yorğun işdən gələn ər isə qadına o sevgini, o həyatı verə bilmir. Bu zaman qadın axtarışa başlayır və xə yanət baş qaldırır. Və ya hər hansı güllənlənmə kadrına baxan uşaq üçün bu hal adiləşir".
Mütəxəssislərə görə, psixologiyada Verter sindromu - təqlid effekti məhz insanların mediadan təsirləndiyini subut edir. İnsanlar baxdıqları serial, film və ya hər hansı bir qeyri-etik, cəmiyyətə uyğun olmayan proqrama baxıb təqlid etməyə başlayırlar. Əlibəyli bildirir ki, təqlid effekti insanın iradəsindən asılı olmayan bir haldır. Bu şüuraltı baş verir.
Buna görə də seriallara baxıb təqlid edən insanları günahlandırmaq əvəzinə bu serialları yayınlamaqla məşğul olan telekanallara xəbərdarlıq edilməlidir. "Hər hansı bir serialın ssenarisi də hər hansı bir şəxsə aiddir. Bu şəxs psixoloji problemli və ruhi pozuntulu ola bilər. Bunu cəmiyyət hiss edə bilməz. Və əsər ekranlaşdırılanda milyonlarla insan o əsərdən zərər görə bilər. Əslində bu məsələlər haqqında çox danışmaq olar. Amma mən konkret olaraq deyə bilərəm ki, bəli, seriallar insanların həyatına təsir edir, cəmiyyətdə xəyanətin, zinanın, hiylənin, dələduzluğun, cinayət hadisələrinin artmasına səbəb olur. Serialların boşanmalara da birbaşa təsiri var". 

Mənbə: Milli.Az

4 dekabr 2014
GO BACK