Qadin.NET / Kənd təsərrüfatı siyahılaşdırılacaq

Kənd təsərrüfatı siyahılaşdırılacaq

 

Aqrar sahənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində bu tədbirin əhəmiyyəti böyükdür

Azərbaycanda kənd təsərrüfatının növbəti siyahıyaalmasının gələn il – 2015-ci il iyun ayının 1-30-da keçirilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, siyahıyaalmanın keçirilməsində əsas məqsəd kənd təsərrüfatının strukturuna və vəziyyətinə, onun ehtiyat potensialının mövcudluğu və istifadəsinə dair dövlət informasiya ehtiyatlarının formalaşdırılması, müxtəlif regionlar üzrə müvafiq məlumatların əldə edilməsi, kənd təsərrüfatı sahəsində statistik uçot sisteminin təkmilləşdirilməsi, siyahıyaalmalararası dövrdə statistik göstəricilərin hesablanmasında baza məlumatları kimi istifadə olunan ətraflı məlumatların alınması və aparılması nəzərdə tutulan müxtəlif seçmə müşahidələr üçün baş məcmuların müəyyənləşdirilməsindən ibarətdir.
Təsdiq edilmiş normativlərə uyğun olaraq bütövlükdə respublika üzrə kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi məqsədilə hər 100 təsərrüfata bir nəfər sayıcı hesabı ilə 12600 sayıcı, hər 10 sayıcıya 1 nəfər olmaqla 1260 təlimatçı-nəzarətçi cəlb ediləcək. Bu zaman hər sayıcı üçün 30, təlimatçı-nəzarətçi üçün 45 təqvim günü müəyyən edilib: “Siyahıyaalma ucdantutma qaydada kənd təsərrüfatı istehsalı ilə məşğul olan bütün təsərrüfatlardan məlumatların sorğu yolu ilə alınması əsasında aparılacaq. 1 nömrəli siyahıyaalma formasını kənd təsərrüfatı ilə məşğul olan bütün kənd təsərrüfatı müəssisələri və sair təşkilatlar - kollektiv-birgə təsərrüfatlar, kənd təsərrüfatı istehsalı kooperativləri, müxtəlif tipli səhmdar cəmiyyətləri, sort-sınaq, tədris-təcrübə təsərrüfatları, damazlıq və toxumçuluq təsərrüfatları, tədris müəssisələri, yardımçı kənd təsərrüfatları və digər təşkilatlar müvafiq uçot sənədləri və inventarizasiya sənədlərinə əsasən dolduraraq yerli statistika orqanlarına təqdim edəcəklər.
2 nömrəli siyahıyaalma forması siyahıyaalmaya cəlb edilmiş sayıcılar tərəfindən sorğu aparmaqla fərdi sahibkar, ailə kəndli təsərrüfatları, ev təsərrüfatları və bağ evi təsərrüfatları üzrə doldurulacaq.
Siyahıyaalma zamanı təsərrüfatların mənsubiyyəti, torpaq mülkiyyəti, icarə münasibətləri, torpaqdan və gübrələrdən istifadə, gəlir mənbəyi, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı, tətbiq edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu, göl və nohur balıqçılığı, bina və tikililərin, kənd təsərrüfatı texnikası və avadanlıqlarının mövcudluğu, kənd təsərrüfatında işçi qüvvəsi və s. barədə geniş məlumatlar toplanılacaq”.
Son illər aqrar sahədə islahatların həyata keçirilməsi nəticəsində müəyyən inkişaf təmin edilib, heyvandarlıq və bitkiçilikdə struktur dəyişiklikləri baş verib, məhsul istehsalının artırılmasında nailiyyətlər əldə edilib. Məhz bu səbəbdən aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Azərbaycanda da bu tədbirin həyata keçirilməsinin əhəmiyyəti olduqca böyükdür.
Qeyd edək ki, kənd təsərrüfatının siyahıyaalınması Azərbaycanda ilk dəfə 1921-ci ildə keçirilib. Sonrakı illərdə isə kənd təsərrüfatının ayrı-ayrı sahələrinə dair sorğu və uçotlar reallaşdırılıb. 1932-ci ildən sonra kənd təsərrüfatı sahəsində kollektivləşmə və sovxoz quruculuğu ilə əlaqədar iri təsərrüfatlar meydana gəldiyindən genişmiqyaslı kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsinə ehtiyac qalmayıb. Kolxoz və sovxozlar üzrə kənd təsərrüfatına dair müvafiq statistik məlumatlar bu təsərrüfatların təqdim etdikləri dövlət statistika hesabatlarının əsasında əldə edilib, əhalinin şəxsi yardımçı təsərrüfatları üzrə məlumatlar isə müəyyən seçmə müşahidə və ucdantutma uçot məlumatları əsasında toplanıb. Bununla belə, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uçot və siyahıyaalmaların keçirilməsi davam etdirilib.
2005-ci ilin iyun ayının 1-dən 30-dək olan dövrdə isə müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq ümumi kənd təsərrüfatı siyahıyaalınması keçirilib. Həmin siyahıyaalmanın hazırlanıb keçirilməsi işi də Dövlət Statistika Komitəsi və onun yerli orqanları tərəfindən yerinə yetirilib, nəticələr 8 cilddən ibarət olmaqla məcmuələr toplusu şəklində nəşr edilərək istifadəçilərə təqdim olunub.
Növbəti siyahıyaalmanın keçirilməsinin vacibliyi və əhəmiyyətindən bəhs edərkən kənd təsərrüfatı sahəsində baş verən prosesləri xarakterizə etmək zərurəti də yaranır. Son 10 ildə “Regionların sosial-iqtisadi inkişafına dair” dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacağa və motor yağlarına görə, habelə buğda və çəltik istehsalının stimullaşdırılması məqsədilə büdcə vəsaiti hesabına yardımların verilməsi, həmçinin istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla yarısının dövlət tərəfindən ödənilməsi, onlara Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi, “Aqrolizinq” ASC vasitəsilə kənd təsərrüfatı texnikasının, cins mal-qaranın güzəştli şərtlərlə satılması, toxumçuluq və damazlıq işləri üzrə müəyyən tədbirlərin həyata keçirilməsi və s. kənd təsərrüfatı istehsalı sahəsində bugünkü inkişafın əldə edilməsini təmin edən amillərdəndir.
Ümumiyyətlə kənd təsərrüfatı ölkəmizin iqtisadiyyatında mühüm yer tutur. Ümumi Daxili Məhsulun 5,3 faizi bu bölmədə istehsal olunur. Kənd təsərrüfatında çalışan işçilər ümumi məşğul əhalinin 37,1 faizini təşkil edir. Odur ki, bu sahənin mövcud vəziyyəti və onun gələcək inkişafı mühüm sosial-iqtisadi, habelə siyasi əhəmiyyətə malikdir və bu sahə daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Prezident İlham Əliyev bu günlərdə “Rossiya 24” telekanalına müsahibəsində də kənd təsərrüfatına ayrılan diqqətdən, bu sahənin qeyri-neft sektoru kimi prioritet olmasından danışıb: “...İqtisadiyyatı hətta builki səviyyəyə qədər inkişaf etdirmək üçün sahibkarlığın stimullaşdırılması, güzəştli kreditlərin verilməsi, fermerlərə subsidiyaların ayrılması üzrə ciddi tədbirlər görülüb. Bizdə fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad olunub. Dövlət kənddə istehsalın inkişafına fəal şəkildə subsidiya ayırır. Yəni, bu sahə, kənd təsərrüfatı fəal inkişaf edir”.
Kənd təsərrüfatı istehsalının strukturunda baş verən dəyişikliklər, digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı statistikası sisteminin də yeniləşdirilməsini və onun beynəlxalq praktikada qəbul edilmiş uçot və statistika sisteminə uyğunlaşdırılmasını tələb edir. Son illər bu sahədə xeyli işlər görülüb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ərzaq və kənd təsərrüfatı statistikasının iqtisadiyyatın idarə edilməsində mühüm əhəmiyyəti var və bunun üçün geniş, həm də etibarlı statistik məlumatlara malik olmaq lazımdır: “Siyahıyaalma nəticəsində əldə ediləcək məlumatlar ölkənin kənd təsərrüfatının gələcək inkişafı istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə, sahə üzrə siyasətin işlənib hazırlanmasına, ərzaq və kənd təsərrüfatı bölməsinə və kənd rayonlarına aid inkişaf planları və layihələrin yoxlanılıb qiymətləndirilməsinə, habelə statistik işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq müvafiq informasiya bazasının yaradılmasına imkan verir”.
Komitənin məlumatında həmçinin bildirilir ki, siyahıyaalmada əldə olunacaq nəticələrin aqrar sahədəki proseslərə uyğunluğunun təmin edilməsində istər müəssisə, istərsə də təsərrüfat rəhbərləri (və ya nümayəndələri) də məsuliyyət daşıyır. Belə ki, alınacaq nəticələr birbaşa onların cavabları ilə əlaqədar olduğundan, onlar cavablarında səmimi olmalı, hər hansı faktı gizlətməkdən və ya şişirtməkdən çəkinməlidirlər. Reallığı əks etdirən nəticələr, eyni zamanda aqrar sahənin inkişafı üzrə dövlət proqramlarının və müvafiq tədbirlərin keyfiyyətlə işlənib hazırlanmasına möhkəm zəmin yaradacaq ki, bu da nəticə etibarilə həm onların mənafeyinə xidmət edəcək, həm də iqtisadiyyatın inkişafına təkan verəcək. Bütün bunlar öz növbəsində bu dövlət əhəmiyyətli tədbirin – kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsində müəssisə və təsərrüfat rəhbərlərinin öz məsuliyyətlərini dərk edəcəklərinə, öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə ümid etməyə əsas yaradır.

Mənbə: Milli.Az

 

5 dekabr 2014
GO BACK