Bugünlərdə internetdə yayılan bir video uşaq hüquqları ilə bağlı mövzunu yenidən gündəmə gətirdi. Söhbət uşaq bağçasında 3 yaşlı körpəyə qarşı tərbiyəçilərin davranışından gedir. Nənəsini istəyən uşağın başına toplaşan bir qrup tərbiyəçinin onu sakiləşdirmək əvəzinə daha da ağlatması kəskin etiraza səbəb olub.
Ümumiyyətlə, uşaqlarla bağlı hansısa işgəncə və bu yöndə insanlığa sığmayan hərəkətlər bütün cəmiyyətlərdə qəbul olunmur. Çünki dinindən, dilindən və ya irqindən asılı olmayaraq, uşaq hər yerdə uşaqdır.
Uşaq Hüquqları Liqasının rəhbəri Yusif Bəkirov deyir ki, müvafiq dövlət strukturları internet vasitəsilə yayılan həmin videoya mütləq reaksiya verməlidir: “Həmin məsələyə bundan sonra reaksiya olub-olmayacağını hələlik bilmirik. İndilikdə isə bağçaların tabe olduğu Təhsil Nazirliyi və icra hakimiyyətləri bu məsələyə görə məsuliyyət daşımalıdır. Həmin qurumların məsələyə reaksiya verməməsi biganəlikdən xəbər verir. Bağçada belə bir hadisə olubsa, aidiyyəti üzrə təcili tədbir görülməlidir”.
Yusif Bəkirov qeyd edir ki, dövlət qurumları bununla məşğul olaraq, paralel şəkildə vətəndaş cəmiyyətini də məlumatlandırmalıdır. Bağça müdiriyyəti və tərbiyəçilərin məsuliyyətə cəlb olunaraq onlar barəsində iş açılması da tam mümkündür. Liqa rəhbəri vətəndaş cəmiyyətlərinin qapalı olduğundan da təəssüflənir.
Yusif Bəkirov deyir ki, belə hadisələrlə bağlı ciddi tədbirlər görülməsə, vəziyyət müsbətə doğru dəyişən deyil:
“Dövlət bağçalarındakı uşaqlar adətən imkansız ailələrdən gəlir. Bu cür hadisələr olanda isə valideynlər bağça rəhbərliyinə iradını bildirmir. Çünki bağçada çətinliklə yer tapıb və uşaqla bağlı istənilən məsələyə görə müdiriyyətə şikayət edəcəyi təqdirdə övladının incidiləcəyindən ehtiyat edir. Valideyn əlacsız qaldığı üçün uşağını bağçaya qoyur.
Amma uşağın orada hansı münasibətlə üzləşəcəyi onu narahat etsə də, başqa əlacı yoxdur. Cəmiyyətdə belə bir tendensiya var ki, iradlar və şikayətlər olduğu halda, adekvat münasibətlə üzləşəcəklər. Bu üzdən də valideynlər bağça müdiriyyətindən, sanki, asılı qalaraq mənfi hallar barədə susurlar. Nə olsun ki, imkansız ailədən çıxıb, uşağa münasibət birmənalı şəkildə yaxşı olmalıdır”.
Mənbə: Milli.Az