Qadin.NET / Kolbasanı halal edən yalnız tərkibidirmi?

Kolbasanı halal edən yalnız tərkibidirmi?

 

Hər bir insan xoşbəxt olmağı arzulayır. Həyatda atdığı addımları ilə öz xoşbəxtliyinə doğru irəliləməyə çalışır. Ailə qurmaq, övlad sahibi olmaq, işə girib çalışmaq, pul qazanıb xərcləmək, ev-maşın, mal-mülk sahibi olmaq və s. vasitələrlə öz xoşbəxt həyatını təmin etməyə səy göstərir. Əlbəttə, insanın həyat sürməsi üçün önəmli olan bu vasitələrin hamısı doğru-düzgün olduqda insanın səadətə yetişməsində mühüm rol oynayır. Bu vasitələrin xoşbəxtliyə xidmət etməsi üçün onların yerli-yerin, ilahi-mənəvi qanunlar çərçivəsində olması isə başlıca şərtdir. Belə ki, insanı xoşbəxt edən mal-mülk deyil, bütün varlığı yaradan Allahdır. Həyatı məhz yaradan Allahın qayda-qanunları əsasında qurmaqla həyat vasitələri insanı səadətə yetirə, xoşbəxtliyini təmin edə bilər. 

Bir çoxları həmin vasitələri sanki elə hədəf bilir və nəyin bahasına olursa olsun, onları əldə etməyə çalışır. Halal-haram bilmədən, heç bir ilahi-mənəvi çərçivə tanımadan. Mümkün qədər çox mal-mülk, ad-san, vəzifə sahibi olmaq, varlanmaq amalını öz məqsədinə çevirən şəxslər qazancın nə yolla əldə olunmasına əhəmiyyət vermirlər. Nəticədə ola bilsin ki, hədəfə çatıb zəngin insana çevrilirlər. Amma təəssüf ki, xoşbəxt insan ola bilmirlər. var-dövlətə nail olurlar, amma səadətə nail ola bilmirlər. 
Səbəb isə sadədir - bütün həyat vasitələri yalnız o zaman insanın xoşbəxtliyinə xidmət etmiş olur ki, ilahi mənəviyyat qanunlarına uyğun əldə edilmiş olsun. Başqasının malını qəsb etməklə, özgəsinin haqqını pozmaqla, rüşvətlə, çəkidə aldatmaqla, fırıldaqçılıq və dələduzluqla, əyri yollarla əldə edilən qazanc heç vaxt insanı xoşbəxt edə bilməz. 
Bir çoxları "halal" anlayışını özünəməxsus şəkildə başa düşür və elə bilirlər ki, ətin şəriətə uyğun kəsilməsi, yaxud kolbasanın tərkibində şəriətə zidd qatqının olmaması həmin qidanın halal olması üçün kifayət edər. Amma o əti və kolbasanı hansı yolla qazanılan pul ilə aldığı barədə heç düşünmürlər. Kiminsə haqqını pozub, balasının çörəyini əlindən almaqla, imtahanda tələbəni sıxışdırıb, rüşvət qoparmaqla, bir sənəd vermək üçün min hoqqadan çıxıb vətəndaşın cibinə girməklə əldə edilən pul ilə şəriətə uyğun kəsilət ət almaq hələ həmin ətin halallığına dəlalət edə bilməz. Kolbasanın üzərindəki "halal" yazısını oxumazdan əvvəl, cibimizdəki pulun üzərində halal yazısını oxuyaq. Ailəmizə-balalarımıza haram yedizdirməyək. Halal qazancla yaşayaq ki, bu qazanc bizim təkcə varlı olmağımıza deyil, ən əsası, xoşbəxt olmağımıza xidmət etsin.
Mənbə:Milli.Az

 

3 dekabr 2014
GO BACK