Azərbaycanda hava şəraitinin qarlı keçib-keçməməsindən asılı olaraq, dekabrın 20-25-də qış turizm mövsümünün elan edilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nazirliyin Turizm şöbəsi Şahdağ Qış-Yay Turizm Kompleksi İdarəsi ilə birlikdə turizm mövsümü ilə əlaqədar turizm şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçirəcək: "Həm Şahdağ, həm də Tufandağda əsas narazılıqlar xizək sürülməsi üçün geyimlərin verilməsi vaxtı ilə bağlı olur. Bunun üçün hər adama azı 15-20 dəqiqə xidmət etmək tələb olunur. Ona görə də birdən-birə 100-200 adama xidmət göstərmək olmur. Keçən il yanvarın 1-də 1800 adam xizək sürməyə gəlmişdi. İstər-istəməz növbələr yaranırdı".
Nazir qeyd edib ki, bu problemin həlli üçün bu il turizm şirkətləri xizək sürməyə getmək istəyən insanların geyim ölçülərini qabaqcadan alacaq və bu məlumatları Şahdağ Qış-Yay Turizm Kompleksinin İdarəsinə verəcək. Bunun nəticəsində gələn turistlərə əvvəlcədən hazırlanmış və nömrələnmiş geyimlər veriləcək.
Xidmətlərin qiymətləri barədə də məlumat verən Ə.Qarayev deyib ki, bu il Şahdağ Qış-Yay Turizm Kompleksində xidmətlərin qiymətlərində artım olmayacaq. Bu il burada daha çox ceşidli və keyfiyyətli xidmətlərin təqdim edilməsi nəzərdə tutulur: "Keçən il həm Şahdağ, həm də Tufandağda qış mövsümündə insanların əlindən tərpənmək mümkün deyildi. Hansı sahibkar o qədər insan olduğu halda, qiymətləri aşağı salar? Bu, mümkünsüzdür".