Qadin.NET / Qiymət müxtəlifliyi, yoxsa süni qiymət artımı?

Qiymət müxtəlifliyi, yoxsa süni qiymət artımı?

 

Azərbaycanın sürətli iqtisadi inkişafı bütün sahələrdə olduğu kimi, istehlak bazarındakı bolluqla da özünü göstərir. Mətbuatın məlumatına görə, bu gün təkcə paytaxt Bakıda 15 mindən çox ticarət obyekti fəaliyyət göstərir.
Trend-in məlumatına görə, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva mətbuata açıqlamasında deyib ki, heç şübhəsiz ki, istehlak bazarındakı bolluq, çoxsaylı ticarət obyektlərinin mövcudluğu həm də qiymət müxtəlifliyi deməkdir. Bununla belə, bəzi kütləvi informasiya vasitələrində ayrı-ayrı ticarət obyektlərində malların qiymətindəki kiçik fərqlilik süni qiymət artımı kimi təqdim edilir. Sıravi oxucuda isə bu cür məlumatlar yalnış fikir fomalaşdırır.
Onun sözlərinə görə, əslində, belə hallar süni qiymət artımı deyil, bazar iqtisadi prinsiplərindən irəli gələn qiymət müxtəlfliyidir: "Mövcud qanunvericiliyə görə, süni qiymət artımı bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi, daha doğrusu qiymətlərin süni şəkildə yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılmasıdır.
Bazar iqtisadiyyatı prinsipləri isə ticarətin liberallaşdırılmasını, azad ticarətin formalaşmasını tələb edir. Başqa sözlə, bu cür münasibətlərinin formalaşdığı bir dövrdə malların və xidmətlərin böyük əksəriyyətinin qiyməti (tənzimlənən tariflər və qiymətlər istisna olmaqla) rəqabət şəraitində, tələblə təklif əsasında formalaşır və mal satan, iş görən tərəfindən müəyyən edilir. Bu qiymətlərin müəyyən edilməsinə dövlət orqanlarının əsasız müdaxiləsi qanunla yolverilməzdir. Ancaq bu, bəzi “işbazların” mal və xidmətlərə istədiyi qiyməti qoyaraq süni bahalaşma yaratması anlamına gəlməməlidir.
Əgər müxtəlif ticarət və xidmət obyektlərində müxtəlif qiymətlər təklif olunursa, şübhəsiz ki, alıcı özünə sərf edən varianta - daha ucuz qiymətə üstünlük verəcək. Ən vacibi istehlakçıya bu imkanın yaradılmasıdır. İstehlakçı üçün bu imkan satışda olan hər bir malın üzərində onun qiymətinin göstərilməsi yolu ilə yaradılmalıdır.
Bu isə, həm də istehlakçının malın qiyməti barədə doğru və düzgün məlumat almaq barədə qanunvericilikdə təsbit olunmuş hüquqlarının təmin olunmasıdır".

Mənbə:Milli.Az

 

2 dekabr 2014
GO BACK