Son zamanlar bildirçindən alınan qida məhsullarına maraq artıb. Bunun səbəbi bildirçin əti və yumurtasının tərkibində olan müxtəlif maddələrin insan orqanizmi üçün faydalı hesab edilməsidir. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bildirçin yumurtasının çiy şəkildə qəbul edilməsini düzgün hesab etmirlər və bu yumurtadan istifadə edərkən də bəzi nüanslara diqqət etməyin vacibliyini vurğulayırlar.
Onlar hansılardır?
Bildirçin yumurtasının hansısa xəstəliyin müalicəsində yararlı olub-olmaması barədə heç bir elmi əsas yoxdur. Lakin bu məhsulun şəkərli diabet, ürək-damar, qara ciyər və mədə-bağırsaq xəstəliklərində faydalı olduğu hesab edilir və uşaqların, hamilə qadınların, yaşlı insanların ondan istifadə etməsi məsləhət görülür. Ən azından ona görə ki, Mendeleyev cədvəlində olan 117 elementdən 27-si bildirçin yumurtasının qabığında mövcuddur. Bundan əlavə yumurtanın tərkibində A və B vitaminləri üstünlük təşkil edir.
Arif Tağıyev, kənd təsərüfatı elmləri doktoru, professor: "Ancaq həkim nəzarəti altında bunlardan istifadə edilməlidir. Aparılan araşdırmalar göstərir ki, qara ciyər, böyrək, şəkər xəstəliyində bu yumurtalardan düzgün olmayan istifadə müəyyən fəsadlara yol aça bilər".
Quşun yumurta vermək qabiliyyəti isə növə görə dəyişir. Yapon, ağ ingilis, estoniya növləri daha çox yumurta verir.
Arif Tağıyev: "Həmin cinslər il ərzində 280-320-yə yaxın yumurta verə bilirlər. Şəxsi təsərrüfatlarda saxlanılan bildirçinlərin yumurta vermə qabiliyyəti fəsilə görə dəyişir. Yay aylarında yumurta vermək qabiliyyəti azalır, yanvar ayından may ayınadək isə çoxalır".
Bildirçin yumurtası alarkən onun saxlanma şəraitinə, sağlam və təzə olmasına diqqət etmək lazımdır. Sağlam yumurtanın qabığı hamar, çəkişi isə 8-16 qram arasında dəyişir. Gəncədə bildirçin yumurtasının satışına əsasən iri marketlərdə rast gəlinir. Satıcılar gün ərzində kifayət qədər bildirçin yumurtası satıldığını deyirlər. Bu məhsulun isə 12 ədədi 1 manat 60 qəpikdən alıcılara təklif olunur.