Qadin.NET / Yuxusuzluq və onun nəticələri: insan hətta dəli ola bilər

Yuxusuzluq və onun nəticələri: insan hətta dəli ola bilər

 

Yuxu təbii fizioloji prosesdir. İnsan yuxuya gedən zaman beyinin fəaliyyəti aşağı düşür, ətraf mühitə olan reaksiya azalır

Alimlər bildirirlər ki, insanın həyat fəaliyyətinin davamı və iş qüvvəsinin yenidən bərpası üçün mütləq yuxu rejiminə əməl olunmalıdır. Dərin yuxu vaxtı bədənimiz və beynimiz gün ərzində üzləşdiyimiz gərginlikdən dincəlir.
Yuxu necə yaranır?
Həkimlərin dediklərinə əsasən, yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Cismi fəaliyyət nəticəsində bədənə xüsusi maddə cəm olur və bu da əsəb sisteminə təsir göstərərək, yuxu vəziyyətini yaradır. Məşhur fəlsəfəşunas Ziqmund Freyd bildirir ki, yuxu insanın şüurunda gizlənmiş bəzi məqamların qısa metrajlı görüntüləridir. Yuxularda bəzən yaşamaq istədiklərimizi, bəzən keçmişimizdən bəzi anları, bəzən də gələcəkdə yaşayacaqlarımız barədə qısaca məlumatlar görürük. 
Şərq fəlsəfəsində isə məsələyə başqa cür yanaşılır. Belə ki, Şərq dünyasında yuxudakı görüntülər gələcəkdə baş verəcək hadisələrin əvvəlcədən ilahi tərəfindən insana çatdırılıması kimi yozulur. Bu səbəbdən də, yuxu yozumları yaranıb. Ancaq unutmaq olmaz ki, narahatlıq, yorğun vəziyyətdə olmaq qarmaqarışıq yuxulara səbəb olur. Bunları nəyəsə yozmaq düzgün deyil. Və yaxud hansısa filmin fraqmenti yuxuda öz əksini tapa bilir.
Az yatanların sayı niyə çoxalır?
Psixoloq Azad İsazadə musavat.com-a açıqlamasında bildirdi ki, son zamanlar az yatanların sayı xeyli artıb: “İnternetin, texniki tərəqqinin inkişaf etdiyi bir dövrdə bu hal heç də təəccüblü deyil. İnsanlar gecə saatlarınadək internetdən istifadə edirlər və yaxud araşdırmalar aparmaq üçün saatlarla kompüterin arxasında əyləşirlər. Ona görə də, insanlar 7-9 saat deyil, 4-5 saat yuxu ilə kifayətlənirlər. Bu, artıq onlarda vərdiş halını alır”. 
Psixoloqun sözlərinə görə, spirtli içkilər, siqaret yuxuya mane olan amillərdəndir: “Siqaret çəkən insanlar vərdiş ediblər ki, yatmazdan əvvəl siqaret çəkib, istirahət etsinlər. Onu deməliyəm ki, siqaretin tərkibindəki elementlər yuxunun pozulmasına səbəb olur”.
A.İsazadə onu da qeyd etdi ki, az yatmaq o qədər də təhlükəi deyil. Əsas odur ki, insan özü hiss etsin ki, yatdığı vaxtda dincələ bilir.
Yuxunun mərhələləri...
Yuxu müxtəlif mərhələlərdən ibarətdir. Dərin yuxuya getməzdən öncə 10 dəqiqə ərzində yarımyuxulu vəziyyətdə oluruq ki, bu da birinci mərhələdir. 
İkinci mərhələdə dərin yuxuya gedirik. Bu mərhələ təxminən 20 dəqiqə davam edir. Üçüncü və dördüncü mərhələlər isə bundan sonra gəlir.
Yuxunun nə qədər davam etməsi barədə maraqlı araşdırmalar var. Amerikalı alim Dr. B. Kleinin apardığı təcrübə gözlənilməz olub. O, təcrübə üçün könüllü seçilmiş insanları hipnoz edərək, yatırdıb və müəyyən bir müddətdən sonra onları oyadaraq, yuxuda nə gördüklərinə qulaq asıb. 
Nəticədən isə məlum olub ki, bütün ömrümüz boyu gördüyümüz yuxular belə, 20 saniyəni keçmir. Dr. B. Kleinin araşdırmaları göstərib ki, insanın gördüyü ən uzunmüddətli yuxu 90 saniyə davam edib. 
Günorta saatlarında yatmaq olarmı?
Ömrümüzün 3-də bir hissəsini yataqda keçiririk. Çox nadir hallarda kimsə, günorta zamanı yatır, isitahət edir. Harvard Səhiyyə Məktəbi ilə Afina Universitetinin alimləri 6 ildən artıq müddətdə 26-86 yaş arasında olan 23 681 nəfər üzərində apardıqları təcrübə nəticəsində müəyyən ediblər ki, gündüzlər işarası qısamüddətli yatan adamlar ürək xəstəliklərinə daha az tutulurlar. 
Belə adamlarda ürək xəstəlikləri gündüzlər yatmayan şəxslərə nisbətən 37 faiz az müşahidə olunur. Alimlərin fikrincə, həyəcan və narahatlıqlarla yüklənmiş gün ərzində qısamüddətli yuxu stress və yorğunluğu bədəndən çıxartmaq üçün ən yaxşı vasitədir. Gecə yuxusunun vaxtını artıranların günorta yuxusuna ehtiyacı olmur.
Buna baxmayaraq, mütəxəssislər gündəlik 10 dəqiqəlik mürgüləməyi məsləhət görürlər. Belə bir fikir də var: “Doyunca yemək və yatmaq insanı xoşbəxt edir”. 
Hər 3 insandan biri yuxusuz qalır
Mütəxəsislər bildirilər ki, daha çox kişilər rahat yuxu ala bilirlər. Bu isə onunla izah edilir ki, qadınların bədənlərində istilik dəyişkənliyi olur. Bu isə bəzən rahat yuxuya mane olan amillərdən sayılır. Statistik məlumatlara əsasən, dünyada hər 3 adamdan biri yuxusuzluqdan əziyyət çəkir.
Yaşlı insanların əksəriyyəti rahat yuxudan məhrumdurlar. Ümumiyyətlə isə, 60 yaşından sonra həm kişilərin, həm də qadınların yuxu rejimi 5-6 saat olur. Bu, fizioloji gedən prosesin nəticəsidir.
1920-ci illərlə müqayisədə, indi Böyük Britaniyada insanlar gecə təxminən 8 saat yatırlar. Lakin çox yatmaq da yuxu pozğunluğu hesab edilir.
Düzgün yuxu rejiminə əməl etməyən insanlar təkcə özünə deyil, kənardakılara da pis təsir göstərirlər. Bəzi hallarda isə, bu, faciəyə də yol aça bilir. Aparılan araşdırmalar zamanı məlum olub ki, yuxulu sürücülərin səhvi ucbatından hər il on minlərlə yol qəzası baş verir.
Yuxusuzluq beyni 7 il qocalda bilir. İnsan 40 gün ac qala bilər, ancaq 7 gün yuxusuz qala bilməz. Böyük Britaniya alimləri bu qənaətə gəliblər ki, yuxusuzluq zamanı beyin hüceyrələri dincələ bilmir və beləliklə də getdikcə məhv olurlar. 
Məhv olan hüceyrələr isə beyində digər problemlər yaradır və bu proses nəticəsində hətta insan ağlını itirərək, ruhi xəstəyə çevrilə bilər. Yuxu orqanizmin harmonik fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. 
Yuxu preparatları təhlükəlidir
Yuxunun pozulması insanda iş görmək qabiliiyətini azaldır, depressiya təhlükəsi, yaddaşsızlıq əmələ gətirir. Yuxu pozğunluğu zamanı daha çox dərman preparatlarına əl atılır. 
Qısamüddətli yuxusuzluq zamanı həkim bir-iki gün üçün yuxugətirici təyin edə bilər. Lakin həkimlər birmənalı şəkildə bildirirlər ki, bu cür vasitələrdən tez-tez istifadə edilməsi arzuolunmaz hallara gətirib çıxarır, əsəb və ürək xəstəliklərinin əsasını qoyur. 
“Qarabasmalar”ı daha çox kişilər görürür
“Qarabasmalar” və yaxud kabus yuxuları görən insanlar mütləq həkimə, psixoloqa müraciət etməlidirlər. Çünki bu davamlı olarsa, həmin insanın səhhətində bir çox problemlər yarana bilər. İngilis alimlərinin aparıqları təcrübəyə görə, kişilər qadınlara nisbətən, daha çox kabus görürlər. 
Yatan insan əvvəl xoş təəssüratlı yuxunun ardınca dəhşətli kabus görməyə başlayır. Bəzən yuxudan ayılmaq istəsə də, sanki hansısa qüvvə onu saxlayır. “Qarabasmalar”ın tez-tez baş verməsi hansısa xəstəliyin əlamətidir.
Ətrafımızdakı bəzi insanlar iddia edirlər ki, onların gecə yuxuda gördükləri bir neçə vaxtdan sonra reallaşır. Buna gerçək yuxular deyilir. Alimlər bunun sirri haqda hələ də baş sındırırlar.
İntellektual insanlar niyə az yatırlar?
Sübut olunub ki, adətən, yaradıcı, emossional, intellektual insanlar daha az yatırlar. Buna səbəb isə, onların hansısa araşdırmalar aparmaları, elmi məsələlərin həll edilməsi üçün çox vaxt sərf etmələridir. Onlarda belə bir fikir hökm sürür ki, daha az yatsalar, daha çox problemi həll etmiş olarlar. 
Ancaq hamıya məlumdur ki, ən son texnikaya malik olan aparatlar belə, müəyyən fasilələrlə işləyir. İnsan heç vaxt dincələmədən işləyə və yaxşı nəticə əldə edə bilməz. Bu zaman onun hərəkətlərində, nitqində məntiqsizlik yaranar. 
Belə insanların ailəsində, yoldaşlığında problemlər olur. Kişilərdə yuxusuzluq uzunmüddət davam edirsə və qeyri-normal yuxu ritmi olursa, onlarda potensiya aşağı düşür.
Doğrudur, insan yatarkən onun ömrü gedir. Ancaq dolayısı ilə, yuxu anında maddələr mübadiləsi aşağı düşdüyünə görə, normal yatan insanlarda ömür uzun olur. 

Mənbə:Milli.Az

 

1 dekabr 2014
GO BACK