Azərbaycanda 5 minə yaxın insan QİÇS-ə yoluxduran virusun daşıyıcısıdır. Onların da 74 faizə yaxını ölkənin regionlarında yaşayır. QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laboratoriyasından verilən məlumata görə, İİV-ə yoluxanların sayında artım müşahidə olunur.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ölkənin qərb bölgəsində QİÇS xəstəliyinin törədicisi olan İİV-ə yoluxanların sayı 100-dən artıqdır. Bu rəqəm rəsmi qeydiyyata götürülənlərin sayına əsasən açıqlanıb. Qeyri-rəsmi isə bu sayın artıq olduğu bildirilir. QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laboratoriyasının müdiri Afaq Əsədovanın sözlərinə görə, son illərlə müqayisədə ölkənin qərb bölgəsində virus daşıyıcılarının sayında artım var.
Afaq Əsədova: “Kimlərsə müraciət etməkdən çəkinirsə, qorxursa, narahat olmasınlar. Çünki anonimlik qorunur. Nə kömək lazımdırsa, bizlər də yardım etməyə hazırıq. Gəncədə daha bir mərkəz də açılıb və xəstələr Gəncədə də müalicə ala bilərlər”.
İİV-ə yoluxanların həkimə müraciət etməkdə tərəddüd etməsi virusun QİÇS-ə keçməsinə və yayılmasına şərait yaradır. Yoluxdurucu kimi isə əsasən, Rusiyaya mütəmadi gedib-gələn soydaşlarımız hesab edilir. Regional laboratoriyadan verilən məlumata görə, qərb bölgəsində QİÇS-lə bağlı ən çox müraciət Şəmkirdən daxil olur.