Ebola virusunun səbəb olduğu xəstəliklə mübarizə ilə bağlı beynəlxalq səylər Qərbi Afrika regionlarında BMT-nin qarşıya qoyduğu hədəflərə nail olmağa əsasən imkan versə də, xəstəliyin gələcək yayılma təhlükəsi əvvəlki kimi hələ də mövcuddur.
TrendTASS agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ebola ilə mübarizə üzrə missiyasının rəhbəri Entoni Benberi BBC-yə müsahibəsində bildirib.
Missiya rəhbərinin oktyabrda elan etdiyi kimi, virus diaqnozu qoyulan pasiyentlərin ən azı 70 faizi barədə karantin elan edilməsi, eləcə də xəstəlikdən ölənlərin 70 faizinin vaxtında dəfn edilməsi qarşıya vəzifə qoyulub: "Biz xəstəliyin yayılmasının lap əvvəlindən böhranlı vəziyyəti nəzarətə götürməyə çalışırıq. Bu tədbirlərə müalicə mərkəzlərinin yaradılması, təhlükəsiz məzarlıqların təşkili və icmaların səfərbər edilməsi daxildir. Və bu strategiya işləyir".
Lakin o, etiraf edir ki, Qərbi Afrikanın bəzi regionlarında, xüsusilə də Syerra-Leonenin paytaxtı Fritaunda və Port-Loko şəhərində vəziyyət ağır olaraq qalır və missiya rəhbəri hesab edir ki, “səyləri və vəsaitləri məhz oraya cəmləşdirmək lazımdır".
Onun dediyi kimi, “virusun planetin digər rayonlarına yayılması üzrə böyük risk” indiyədək mövcuddur: "Xəstələnənlərdən kimsə təyyarə ilə Asiya, Latın Amerikası, Şimali Amerika və ya Avropaya yola düşərsə, bu, baş verə bilər. Qarşıya qoyduğumuz son hədəfə, yəni xəstəlikdən ölümün “sıfır” səviyyəsinə nail olmaq ona görə belə vacibdir”.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qərbi Afrika ölkələrində Ebola virusundan ölənlərin sayı artıq 7 min nəfərə çatıb. 16 mindən artıq insan isə bu virusa yoluxub. Daha mürəkkəb vəziyyət Syerra-Leonedə, Liberiyada və Qvineyada yaranıb. Ekspertlərin sözlərinə görə, hər həftə xəstəlikdən 200-300 nəfər ölür.