Respublika Prezidentinin sərəncamına əsasən, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq paytaxt Bakı ilə yanaşı respublikamızın bölgələrində də tibbi müayinələr davam etdirilir.
Milli.Az CTV-yə istinadən xəbər verir ki, növbəti belə aksiya Masallı rayonunun Ərkivan kəndində, 2 saylı tam orta məktəbdə baş tutub. Masallı RMX-nın həkim birqadası tərəfindən aparılan tibbi müayinələrə bütün yaş qrupları üzrə məktəblilər cəlb edilib.
Xəstəxananın baş pediatrı İlqar Qurbanov deyir ki, rayonda təhsil alan 45 min 674 məktəblidən 42 mini artıq müayinədən keçirilib. Müayinələr zamanı şagirdlərin bir qismində ürək qüsurlu xəstəlik aşkar edilib. Bununla yanaşı, həmçinin immunitet və kalsi çatışmazlığı da aşkarlanıb. Həmin şagirdlər dərhal müalicəyə cəlb ediliblər. Uşaqların tibbi müayinədən keçirilməsi kampaniyası dekabr ayının sonunadək davam edəcək. Əsas məqsəd uşaqların sağlamlığını qorumaq, onlarda hər hansı xəstəliyi öncədən aşkarlamaq və müalicəyə cəlb etməkdir.