Qadin.NET / Metroda halın dəyişdisə, vay halına

Metroda halın dəyişdisə, vay halına

 

Yeraltı nəqliyyatda bədbəxt hadisələr tez-tez baş verir

Düzdür, ölümün cəngindən qurtaranlar olsa da, həyatına bu yeraltı dünyada son verənlər az deyil.
Əsasən də, yay ayılarında qeydə alınan özündəngetmələr, nəfəs çatışmazlığı sərnişinlərin vəziyyətini pisləşdirir. 
Təcili Tibbi Yardım isə hadisə yerinə gələnədək iş-işdən keçmiş olur. Metro stansiyalarında tibbi personalın olmaması metroda ölüm hallarının sayını artırır.
Nəhayət, belə problemlər metropoliten rəsmilərini müəyyən addımlar atmağa vadar edib.
Belə ki, yaxın gələcəkdə metronun hər bir stansiyasında tibbi personal xidmət göstərəcək. Bununla bağlı müzakirələr aparılır.
Milli.Az xəbər verir ki, “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəriNəsimi Paşayev azernevs.aza açıqlamasında metronun bəzi stansiyalarında tibbi yardım üçün həkimlərin olduğunu, lakin sərnişinlər üçün xüsusi tibbi personalın olmadığını etiraf edib:
“Metronun bəzi stansiyalarında olan həkimlər metro personalı, xüsusən də maşinistlər üçündür. Sərnişinlərə xidmət göstərmək üçün isə xüsusi tibbi personal mövcud deyil. Təbii ki, bütün stansiyalarımızda təcili tibbi yardım üçün çantalar, dava-dərmanlar var. Ehtiyac yarandıqda stansiya personalı bunlardan istifadə edir. Ancaq, əsasən, həkimə ehtiyacı olanlar üçün təcili tibbi yardım çağırılır. Metro çağırışına təcili tibbi yardım hər zaman vaxtında gəlir. İlkin yardımı stansiya işçiləri göstərir və təcili tibbi yardım əməkdaşları gəldikdə onlara təhvil verilir. Hətta bəzən vaqonda olarkən belə sərnişinə tibbi yardım lazım olursa, bu barədə maşinistə xəbər verilir və maşinist dispetçerə məlumat verməklə stansiyaya təcili tibbi yardım çağırılır”.
Metropoliten rəsmilərinin də sərnişinlər üçün xüsusi tibbi personalın ayrılmasında maraqlı olduğunu deyən N.Paşayev bununla bağlı müzakirələrin aparıldığını bildirib:
“Təbii ki, Metropoliten də maraqlıdır ki, bu işlə birbaşa ixtisalaşmış tibbi personal məşğul olsun, ancaq bunun nə vaxt həyata keçiriləcəyini demək çətindir”.

Mənbə:Milli.Az

 

30 noyabr 2014
GO BACK