Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkilləri Avropa Parlamentinin rəhbəri Martin Şultsa və son vaxtlar Azərbaycana qarşı olan təzyiqlərə etiraz ediblər.
Trend-in məlumatına görə, millət vəkili Zahid Oruc Martin Şultsun Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi rəyinin müəyyən qrupların maraqlarına xidmət etdiyini bildrib: “Hesab edirəm ki, Avropa Parlamentində antiazərbaycan qrupu yaranıb. Martin Şultsdan soruşsanız, o, Qarabağı göstərməyə çətinlik çəkəcək. Amma Azərbaycanı çox yaxşı göstərəcək”.
Z.Oruc Martin Şultsun müdafiə etdiyi Saxarov mükafatına Leyla Yunusun namizədliyinin də verilməsinə münasibət bildirib: “Hamımız bilirik ki, Saxarov mükafatının idarə heyəti, əsas şəxsləri ermənilərdən ibarətdir və Leyla Yunusun da adı ona görə ora daxil edilmişdi”.
Millət vəkili Siyavuş Novruzov deyib ki, bu, Azərbaycanın inkişafını gözügötürməzlikdən başqa bir şey deyil: “Çünki Azərbaycan haqqında müxtəlif təhriflərə yol verilir. Bir qrup erməni lobbisinin təsiri nəticəsində biz bunu hiss edirik. Onlardan soruşsan ki, kimi ittiham edirsən və ya müdafiə edirsən, bilməyəcək. Çünki hansısa lobbinin təsiri ilə bunu edirlər. Biz ciddi şəkildə onlara qarşı mübarizə aparmalıyıq. Biz bunlara qarşı mülayim olduqca, bunlar bir az da təhriflərə yol verirlər. Heç bir xarici dövlətin Azərbaycanin siyasətinə qarışmağa haqqı yoxdur. Ən maraqlısı isə budur ki, xaricdə olan iğtişaşlara, terrora göz yumurlar, Azərbaycanda isə hər şeydən bir səbəb çıxarmağa çalışırlar”.
Millət vəkili Çingiz Qənizadə də Martin Şultsun fikirlərini sərt şəkildə tənqid edib. O, M.Şultsun və ondan əvvəlki digər açıqlamaların bir mərkəzdən verildiyini bildirib: “Təəssüf ki, bu açıqlamalarda 5-6 adamın adı çəkilir ki, dövlət hansısa addımları atmağa məcbur olsun. Qanun hamı üçün qanundur və heç kəs ayrı-seçkiliyə məruz qala bilməz. 15-20 nəfər tanınmış şəxsin həbsdə olduğu halda, əsasən bir-iki nəfərin adı davamlı şəkildə çəkilir. Sanki vaxtilə bunlar onlara xidmət edib, indi onlar bunlara xidmət edirlər”.
Millət vəkili Qüdrət Həsənquliyev Avropanın Azərbaycanı tənqid etməsinin arxasında qeyri-səmimi məqsədlərin dayandığını bildirib: “Mən Avronest PA-nın iclasında iştirakçıların diqqətinə çatdırdım ki, Ermənistan 1 milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salıb, 20 mindən artıq insanı qətlə yetirib. Ancaq onlar Ermənistanın bu ağır cinayətlərinə göz yumur, Azərbaycanda haqqında istintaq gedən 5-6 nəfərin müdafiəsinə qalxırlar. Budur Avropanın ədaləti, beynəlxalq hüquqa münasibəti”.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov isə qeyd edib ki, mötəbər təşkilatların heç birində müstəqillik yoxdur: “Bu mötəbər təşkilatlara bel bağlamaq olmaz, onların mötəbərliyi bir xəttə qədərdir. Avronest, Avropa Parlamentinin adı var, ozü yoxdur. Onlar sadəcə kiçik məsələlərlə Azərbaycana təzyiq göstərməyə çalışırlar”.
Vitse-spiker Bahar Muradova isə vurğulayıb ki, Azərbaycan bu təzyiqlərin qarşısında dayanmalıdır: “Bəzən deyirlər ki, Azərbaycanda bizim tərəfdaşımız azadlıqda qalmayıb. Sizin tərəfdaşlarınız Azərbaycanda yalnız Leyla Yunus, ya onun kimi müəyyən məqsədlərə xidmət edən 5-6 nəfərdir? Xahiş edərdik ki, onlar tərəfdaşlıqla bağlı mövqelərini sərf-nəzər etsinlər, biz də işimizi bilək. Biz heç kəsə təzyiq göstərmirik. Hər kəs törətdiyi əmələ görə cəzasını almalıdır. Kimsə hesab edirsə ki, dövlətin mənafeyini satıb həyatını sürəcək, biz buna imkan verməyəcəyik”.
Çıxış edən digər millət vəkilləri də Avropanı Azərbaycana qarşı bu qərəzli mövqedən əl çəkməyə çağırıb və bəzi Avropa qurumları ilə əməkdaşlığa son qoymağı təklif ediblər. Qeyd olunub ki, bəzi Avropa təşkilatları Azərbaycanın bugünkü inkişafından narahatdırlar.
Mənbə:Milli.Az