Bu il Azərbaycanda qışın sərt keçəcəyi ehtimal edilir. Bu barədə açıqlamanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şəmkirdə jurnalistlərə müsahibəsində bildirib.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, nazir qeyd edib ki, bu il qışın sərt olacağı ilə bağlı artıq böyük meteoroloji mərkəzlər də açıqlama verib. Azərbaycanda oktyabr ayından artıq qarlı, yağışlı, çovğunlu hava şəraitinin müşahidə olunduğunu deyən nazir yay mövsümündəki quraqlıq məsələsinə də toxunub.
Hüseyn Bağırov: “Keçən yay Azərbaycanda ümumiyyətlə meteoroloji müşahidələrin mövcud olduğu dövrdən bəri ən quraq yaylardan biri olub. Biz bunu yazdan hiss etmişdik və qarın az yağması ilə bağlı quraqlığın gözlənilməsi barədə xəbərdarlıq da edilmişdi. Sellərlə bağlı xəbərdarlıqda bildirilmişdi ki, çaylarda sululuq normadan aşağı olacaq. Keçən yay dağ yerlərində hətta bulaqların quruması müşahidə edilmişdi. Bunun 90-95 faizi əsasən təbii hadisə idi, müəyyən yerdə isə insan əməlinin nəticəsi bu halı daha da kəskinləşdirmişdi”.