“Quşçuluq təsərrüfatlarında son vaxtlar virus yayılan Niderland, Böyük Britanya, Almaniya kimi ölkələrdən Azərbaycana məhsullar gətirilmir”.
Bu haqda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX)-nin mətbuat katibi Yolçu Xanvəli anspress-ə bildirib.
Son zamanlar Niderlandda yayılan virus nəticəsində hökumət canlı quşların daşınmasına, onların ətindən və yumurtasından istifadəyə üç sutkalıq ölkədaxili qadağa qoyub, həmçinin xəstəliyin aşkar edildiyi fermada 150 min quşun məhv edilməsi göstərişini verib. Bununla yanaşı Almaniyada, Böyük Britanyada H1N8 H5N1 virusu qeydə alınıb.
Yolçu Xanvəli bildirib ki, (DBNX)-i “quş qripi” xəstəliyinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayır və ardıcıl olaraq monitorinqlər aparır.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı quşçuluq təsərrüfatlarında, Baytarlıq Xidmətinin qeydiyyatında olan təsərrüfatlarda monitorinqlər keçirilir. Hazırda da quş qripinə görə sayca 5-ci monitorinq aparıldığını bildirən Yolçu Xanvəli qeyd edib ki, monitorinq zamanı ayrı-ayrı quşçuluq təsərrüfatlarından qan və patoloji materiallar götürülüb.
Onlar müxtəlif virus və xəstəliklərə görə yoxlanılıb. Nəticədə keçirilən monitorinqlər zamanı hələ ki heç bir xəstəlik, virus aşkar olunmayıb.
Yolçu Xanvəlinin sözlərinə görə “daim Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarını alırıq. Bununla da hər gün digər ölkələrdə ki, epizootik vəziyyəti nəzarətdə saxlayırıq”.
Hansısa ölkənin epizootik vəziyyətində narahatçılıq olduğu zaman həmin ölkələrdən quş əti və heyvan mənşəli məhsullar ölkəyə gətirilmir. Azərbaycana əsasən Türkiyə, Braziliya, ABŞ-dan quş əti məhsulları gətirilir.
Onun sözlərinə görə, monitorinq nəticəsində aparılan müayinələr standartlara cavab verirsə, həmin quşçuluq təsərrüfatı fəaliyyətini davam etdirir. Keçirilən monitorinqlər zamanı hər hansı virus aşkar olunduqda xəstəliyin təlimatına uyğun tədbir görülür. Yəni həmin təsərrüfat malları məhv edilir, təsərrüfat bağlanır və dezinfeksiya olunur.
Əgər müayinələr standartlara cavab verirsə, həmin quşçuluq təsərrüfatı fəaliyytəini davam etdirir.
Yolçu Xanvəli bildirdi ki, hazırda “quş qripi” xəstəliyinə və digər sürətlə yayılan yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Ölkədə hər hansı bir narahatlıq yoxdur.
Yolçu Xanvəli broylerlərə əlavə hormon və dərmanların vurulması ilə bağlı məsələyə də münasibət bildirdi. O, qeyd etdi ki, toyuqlar 42 gün ərzində böyüyüb kəsim çəkisinə çatması, onları genetik xüsusiyyətindən irəli gəlir. Yəni hər hansı hormon və dərman tətbiq olunmur.
Mənbə:Milli.Az