Evdə, işdə, geyinilən geyimdə, yeyilən qidalarda, avtobusda, eləcə də işlətdiyimiz hər bir əşyada qoxunun rolu insanlar üçün çox önəmlidir. Məhz bu səbəbdən gözəl qoxunun yaranması üçün müxtəlif ətirlərdən, şamlardan və bu kimi qoxuyayıcı alternativ vasitələrdən istifadə olunur.
Düzdür, mütəmadi olaraq bu üsullardan istifadə etmirik, amma elə məkanlar var ki, insan istədi-istəmədi, qoxunu daxilinə çəkmək məcburiyyətində qalır. Belə qoxulardan biri də otaq ətirləridir. İş yerləri və yemək məkanlarının 90%-də istifadə olunan, eləcə də zaman-zaman evimizin bir küncündə bizə yoldaşlıq edən otaq ətirləri əslində insan orqanizmi üçün olduqca təhlükəlidir. Müxtəlif dağ-dərə, çəmən, gül-çiçək ətirləri əslində insan daxilinə zir-zibil yığmaqdan başqa heç bir işə yaramır və ən az siqaret tüstüsü qədər zərərlidir.
Belə ətirlərinin əsas məqsədi var olan pis qoxunu aradan qaldırmaq və yeni ətirli və "təmiz" qoxunu otağa yaymaqdır. İlk baxışda hər şey ürəkaçan görünsə də, əslində hər 5 dəqiqədən bir otağa buraxılan bir miqdar qoxu zərrəciyi insan nəfəsi üçün əsl zəhər olur. İnsanların əksəriyyəti isə bu gizli təhlükədən xəbərsizdir. Elə marketlərdə də məhz otaq qoxuları olan müxtəlif spreylərə, ətirli şamlara tələb böyükdür.Həkim pulmonoloq-allerqoloq Məhəmməd Şərifzadənin sözlərinə görə, otaq qoxuları ağciyərlər üçün birinci dərəcəli düşməndir. Otaq qoxuları üçün otağa yayılan kiçik mikrodənəciklər insan nəfəsinə daxil olaraq hətta sağlam insanda belə allergik reaksiyaların yaranmasına səbəb ola bilər. Müxtəlif nəfəs yolu xəstəlikləri, eyni zamanda ağır öskürək və astmadan əziyyət çəkənlər üçün isə bu cür qoxular sadəcə vəziyyəti ağırlaşdırmaq və daha da kəskinləşdirmək üçün yetərlidir: "Aerozol formasında olan otaq qoxuları butan, izobutan, propan və bu kimi qazları havaya buraxır. Gözlə görülə bilinməyəcək qədər balaca olan kiçik zərrəciklər nəfəs yolu ilə ağciyərlərə gedir. Nəfəs yollarında qıcıqlanma və narahatlıq yaradan bu qazlar həddindən artıq yüksək dozada olarsa, sinir sisteminin də zədələnməsinə yol açar. Ən çox xoş qoxulu ətirlərdən hesab olunan limonlu qoxuların tərkibində olan limonen maddəsi göz quruması və nəfəs darlığından əziyyət çəkənlər üçün də şiddətləndirici rol oynayır. Maşınlarda benzin qoxusunu aradan qaldırmaq üçün istifadə olunan maşın qoxularında zərərli maddələr ikiqat cəmlənir. Bir aerozol nə qədər tünd qoxuya malikdirsə və uzunmüddətli otaqda, qapalı məkanda nə qədər qalırsa onun tərkib etibarilə zərərliliyi də bir o qədər çox olur. Qapalı məkanlar daim təmiz hava ilə havalandırılmalı və pis qoxular təmiz hava ilə uzaqlaşdırılmlıdır".
Qurudularaq torba və ya qablarda saxlanılan çiçək və yarpaqlar olan potpurilərin nisbətən təhlükəsiz olmasına baxmayaraq, paradixlorobenzen əmələ gətirdiyi və bu maddənin böcəköldürücü və xərçəng xəstəliyi törətmək ehtimalı olduğu bildirilir.Qısası, adıçəkilən və çəkilməyən qoxuverici məhsullar orqanizmdə ağır fəsadlarla nəticələnir ki, bu da sağlamlığa zərbə vuran amillərdən biridir.
Mənbə: Milli.Az