Qadin.NET / ”Qanlı yanvar”ın yaradıcı heyəti Şəhidlər Xiyabanında

”Qanlı yanvar”ın yaradıcı heyəti Şəhidlər Xiyabanında

 

”Qanlı yanvar”ın yaradıcı heyəti Şəhidlər Xiyabanında

Bu gün rejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən "Qanlı yanvar" filminin yaradıcı heyəti Şəhidlər Xiyabanını ziyarət edib. 
ANS PRESS-in mlumatına görə, məşhur amerikalı kinoulduz Leyn Devis və Türkiyənin tanınmış akltrisası Nəbahət Çehrə də ziyarətçilər arasında olub. Azərbaycanla yanaşı İran, Rusiya, Türkiyə və ABŞ-dan olan aktyor heyəti 20 yanvar şəhidləri, qurbanları və eləcə də Milli Qəhrəman Çingiz Mustafayevin məzarını ziyarət ediblər. Çəkiliş kollektivi şəhidlərin məzarı üzərinə çiçək dəstələri düzüb. 
Rejissor Vahid Mustafayev tanınmış aktyorlara 20 yanvar hadisəsi haqqında məlumatlar verib. 20 yanvar hadisələrində şəhid olan və eləcə də düşmən gülləsinin qurbanı olan insanlar haqqında danışan rejissor, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib.
Məşhur aktyor Leyn Devis ANS PRESS-ə açıqlamasında bildirib ki, 20 yanvar hadisəsi barədə ətraflı məlumat aldıqdan sonra çox təsirlənib. O, bunun böyük bir inqilabi hərəkat olduğunu bildirib. Daha sonra aktyor bu inqlabi hərəkatı əks etdirən filmdə çəkilmək üçün aldığı dəvətdən çox məmnun olduğunu deyib.
“Rejissor Vahid Mustafayevlə işləmək mənə xüsusi zövq verir. Mən filmin çəkilişlərindən və aktyor kollektivindən çox razıyam. İnanıram ki, bu film ən yaxşı tarixi film olacaq”, - deyə Leyn Devis bildirib.
Filmdə rol alan tanınmış aktrisa Nəbahət Çehrə də filmdə çəkildiyini görə çox məmnun olduğunu bildirib.
“Bu təklifi alanda qürur hissi keçirdim. Türkiyə və Azərbaycan qardaş ölkədir. Ağrı-acılarımız da birdir. Bu səbəbdən filmdə yaşananları qəlbən hiss edirəm. Filmdə iki övladını itirən ana rolunu canlandırıram. Çalışacam ki, bu itkini rolumla ifadə edim. Təbii ki, çəkilişlərdə bir çox çətinliklər var. Əsas da filmin dublyajında müəyyən çətinliklər olur. Çalışacağam ki, üz ifadələrimdəki duyğunu dublyajın səsilə uyğunlaşdıra bilim. İnanıram ki, bu film beynəlxalq səviyyədə yüksək qiymətə layiq görüləcək”, - deyə Nəbahət Çehrə bildirib.
Rejissor Vahid Mustafayev bildirib ki, onun üzərində böyük bir məsuliyyət var: “Qarşımızda çox ağır və məsuliyyətli vəzifə dayanır. Çalışacağıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk. Hazırda filmin 100 dəqiqəsini çəkmişik. Qarşıda daha 80 dəqiqə var”.
Qeyd edək ki, 20 yanvar hadisələrinə yanaşma həmişə ikili olub. Onu Qara yanvar kimi qiymətləndirərək silahsız insanları qırğına verənlərin təxribatı adlandıranlar da olub. Bu günü tariximizin şərəfli səhifəsi, azadlıq uğrunda milli mübarizəmizin ən uca məqamı hesab edənlər də. Bəs rejissor Vahid Mustafayevin 20 yanvara yanaşması necədir?
“Çox təəssüflər olsun ki, bu günə qədər bir çox tarixi səhvlər var ki, biz onu hər gün, hər il təkrar edirik. Əsas səhvlərdən biri şəhidlərlə qurbanların aralarında olan bir fərqi anlamamaqla bağlıdır. 20 yanvar hadisələrində qurban olanlara bizim çox böyük - dərin hörmətimiz var və onlar qarşısında biz hamımız baş əyirik. Amma qurban anlayışı ilə şəhid anlayışı bir az fərqlidir. Şəhid öz həyatını bilərəkdən hansısa ideayaya görə fəda edən bir insandır. Bu nöqteyi- nəzərdən məhz Azərbaycanın gələcəkdə müstəqil olması üçün öz həyatını bağışlayan insana deyirlər. Qurban isə bu hadisələr zamanı təsadüf nəticəsində öz həyatlarını itirənlərə deyirlər. Bu filmdə, bu iki anlayış arasında gözə çarpacaq bir xətt çəkilir. Və biz bu günə qədər qurbanları anırdıqsa, düşünürəm ki, bundan sonra artıq şəhidlərimizə də müraciət edəcəyik. Ona görə ki, 20 yanvar hadisələrində 137 azərbaycanlı həlak olub və 27 sovet əsgəri ölüb. Bu 27 sovet əsgəri arasında yüksək rütbəli zabitlər və siravi əsgərlər də olub. Lakin bu 27 əsgəri kimsə qətlə yetirib. Bunlar haqqında Azərbaycanda bu günə qədər şox təəssüflər olsun ki, məlumat yox idi. Bu isə sözsüz ki, ən azı ölənlərin 20 faizi deməkdir”, - deyə Vahid Mustafayev bildirib.

 

Mənbə: ANS PRESS

24 noyabr 2014
GO BACK