Noyabrın 23-də Bakıda Heydər Əliyev Mərkəzində Türkiyə Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, hökumət rəsmilərinin, millət vəkillərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs QarayevBakıda Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğunu bildirib: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, ölkəmizdə Türkiyənin Mədəniyyət Günləri keçirilir. Bu tədbir həm də xalqlarımızın tarixi köklərinin yaxınlığı və gələcək münasibətlərimiz baxımından əhəmiyyət daşıyır. Belə bir möhtəşəm məkanda - Heydər Əliyev Mərkəzində isə ilk dəfədir ki, bir ölkənin mədəniyyət günlərinin açılış mərasimi keçirilir”.
Əbülfəs Qarayev vurğulayıb ki, bu yaxınlarda Azərbaycanın birini xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın iştirakı ilə İstanbulda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib. Biz hamımız çox böyük maraqla bu mühüm hadisəni izləyərək Türkiyə nümayəndələrinin Azərbaycanın bu uğuruna sevindiklərini, şərəf duyduqlarını bir daha gördük.
Nazir iki il bundan əvvəl Azərbaycan Mədəniyyəti Günlərinin Türkiyədə uğurla keçirildiyini xatırladıb. O, Bakıda keçirilən Türkiyə Mədəniyyəti Günlərinin xalqımız tərəfindən maraqla qarşılanacağına əminliyini ifadə edib.
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik mədəniyyət günlərinin təşkilinin ölkəsi üçün böyük əhəmiyyət daşıdığını deyib. Nazir vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi müdrik kəlamı ölkələrimiz arasında münasibətlərin bütün sahələrində özünü təsdiqləyir.
Türkiyə Mədəniyyəti Günlərinin Bakıda təşkili Azərbaycan və Türkiyə arasında təkcə siyasətdə və iqtisadiyyatda deyil, mədəniyyət və incəsənətdə də əbədi olaraq bir yerdə olduğumuzu bir daha sübut edir.
Qeyd edilib ki, mədəniyyət günləri çərçivəsində əl işləri və fotosərgilər, folklor konserti, film və teatr nümayişi nəzərdə tutulub.
Mərasimdə Türkiyə mədəniyyətinin tanıtım videosu nümayiş etdirilib.
Daha sonra İstanbul Tarixi Türk Musiqisi Topluluğu mehter kollektivinin, əməkdar artist Azərinin, Türkiyədən Nilgün Kızılcının, Zafer Albayrakın, Dövlət Xalq Rəqsləri Ansamblının çıxışları olub.
Türkiyə Mədəniyyəti Günləri noyabrın 27-dək davam edəcək.
Mənbə: Milli.Az