Şimali Koreya Xalq-Demokratik Respublikasının hakimiyyət dairələri ölkədə insan haqlarının durumu ilə bağlı BMT-nin qətnaməsinə "həddən artıq, misli görünməmiş sərt cavab" veriləcəyini bildirib.Milli.Az KCNA-ya istinadən bildirir ki, Şimali Koreyanın Dövlət Müdafiə Komitəsinin bəyanatında deyilir: "ABŞ "insan haqları haqqında" prinsipsiz, böhtan məzmunlu qətnamə hazırlayaraq Şimali Koreyaya qarşı düşünülməmiş addım atıb. Amerikalılar Avropa Birliyi və Yaponiyaya belə qətnamə layihəsi hazırlamağa imkan verib, BMT-yə üzv olan dövlətlər də sənədə səs verib".Rəsmi Pxenyan qətnaməni "utanmaz, həyasız, siyasi motivli komediya" adlandırıb.BMT-nin Baş Assambleyasının insan haqları komitəsi təşkilatın Təhlükəsizlik Komitəsinə Şimali Koreyanın hakimiyyət dairələrinin siyasətini araşdırmağı və bəşəriyyətə qarşı cinayətlərlə bağlı iddiaların Haaqadakı Beynəlxalq Tribunalda baxılmasını məsləhət bilib.
Dünənsə Şimali Koreyada yeni hərbi təlimlər başlayıb.Təlimlərdə Pxenyandakı diktatura rejiminin lideri Kim Çen In da iştirak edib.
Mənbə: Milli.Az