"Aykakan Banak" (Erməni Ordusu) "Facebook" səhifəsində Dağlıq Qarabağ ərazisində, qoşunların təmas xəttində azərbaycanlılar tərəfindən səmada vurulmuş "Mi-24" hərbi vertolyotunda ölən ekipaj üzvlərinin şəkillərini paylaşıb.
ANS PRESS-in məlumatına görə, şəkildə vertolyotun ekipaj üzvləri: mayor Sergey Saakyan, baş leytenant Sarkis Nazaryan, leytenant Azad Saakyan yer alıb.
Qeyd edək ki, noyabrın 12-də yayılan xəbərdə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirdikləri bildirilirdi.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd etmişdi.
Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum etmişdi.
Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilmişdi.
Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.