Ermənistan iqtisadiyyatına yatırılan investisiyaların həcmi azalacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə "Haykakan Jamanak" qəzeti məlumat yayıb. Nəşr Ermənistan İqtisadiyyat Nazirliyindəki mənbəsindən əldə etdiyi məlumata istinad edərək ölkənin bir çox sahələrinə pul qoyuluşunun dəyandığını bildirib:
"Xüsusilə rabitə və mədən sənayesi sahələrində bir neçə iri proqram çərçivəsində investisiya qoyuluşunun başa çatması ümumi göstəricilərə təsir edir. Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması prosesi ilə əlaqədar isə investorlar tərəddüd edirlər", - deyə mənbə söyləyib.
Görünür avropalılar Ermənistanın Rusiya ilə yaxınlaşmasını xoş qarşılamırlar. Rusiyaya sanksiyaların fonunda ermənilərin Aİİ-yə qoşulmaq arzusu artıq indidən onlara öz təsirini göstərməyə başlayıb. Belə ki Ermənistanda bu il xarici investisiyaların həcmi ötən ilki göstəricidən 25-30% az olacaq.
Qeyd edək ki, Ermənistanda ötən il xarici investisiya qoyuluşu təxminən 600 mln. dolar təşkil edib. Bu isə 2012-ci ildəki göstəricidən 20% azdır. Ermənistandakı iqtisadi vəziyyətin yavaş-yavaş çökməsini rəsmi rəqəmlərdən də aydın müşahidə etmək mümkündür.