Qadin.NET / Yol polisinə silah veriləcəkmi?

Yol polisinə silah veriləcəkmi?

 

Son günlərdə yol polislərinə qarşı cinayət halları artıb. Noyabrın 17-dən 18-nə keçən gecə Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı Əbuzər Hüseynov xidməti borcunu yerinə yetirərkən sürücü tərəfindən bir neçə metr sürünüb və ağır xəsarət alıb.
Noyabrın 20-də isə Bakının Binəqədi rayonunda polis baş serjantı Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov öz xidməti vəzifəsini yerinə yetirən zaman naməlum şəxslər tərəfindən bıçaqlanıblar.
Yol polislərinə qarşı cinayət hallarının artması ortaya bir sualı çıxarıb. Niyə DYP əməkdaşlarının üzərində özlərini müdafiə edə biləcək silah, elektroşok və gözyaşardıcı qaz (sprey) kimi vasitələri yoxdur?
Milli.Az xəbər verir ki, hüquqşünas Ələsgər Məmmədli axar.az-a açıqlamasında baş verən son hadisələrin sıradan münaqişələr zəminində olduğunu və yol polisinə silah və ya eletroşok verilməsini lazım bilmədiyini deyib:
“Ümumiyyətlə, hər hansı bir cinayət əməli baş verirsə, burda bir peşəni və ya şəxsi fərqləndirmək lazım deyil. İstənilən halda zorakılıq kimə qarşı olubsa, bu, cinayət əməlidir. Baş verən son olayları yol polisinin spesifikasına aid cinayət əməli kimi düşünmürəm. Hadisələr üst-üstə düşmüş ola bilər, amma böyük ehtimalla sıradan münaqişələr zəminindədir.
Azərbaycanda yol polisinin özünü müdafiəyə ehtiyacı yoxdur. Çünki hər hansı bir formada hər zaman təhlükə altında deyil. Yol polisi cinayətkarı qovmur və cinayət axtarış polisi deyil ki, ona silah verib, əmrə dayanmayan maşına atəş açmasını istəyək. Yol polisi hərəkəti tənzimləyən, müşahidə edən və buna uyğun inzibati protokol tərtib edən şəxsdir. Maşın əmrə tabe olmasa belə, müşahidə kameraları vasitəsilə nömrəni qeydə alıb, cəriməni evə də göndərmək olar. Biz sivil ölkəyik və yol polisinin də qorunmağa ehtiyacı yoxdur. Bu baxımdan düşünmürəm ki, yol polisinə hökmən elektroşok və ya silah vermək lazımdır”.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə istənilən halda yol polisinin üzərində xüsusi qoruyucu vasitələrin olmasının zəruri olduğunu bildirib:
“Silah polisin ayrılmaz atributudur. Sadəcə olaraq, yol polisinin üzərində hansı xüsusi vasitələrin olmasından söhbət gedə bilər. Yol polislərində ən azından elektroşok və ya silah olmalıdır. Qanunvericilik bütün polislər üçün nəzərdə tutulub və hətta yol polisinin də silah daşımasına imkan verir. Silah yol polisinin təkcə özünü qoruması üçün deyil, asayişi qorumaq və cinayətkarı zərərsizləşdirmək üçündür. Bir növ psixoloji təsir vasitəsidir. Siz Amerikada, Avropada özünü müdafiə üçün xüsusi vasitələri olmayan polis görə bilərsiz? Xeyr, bu mümkün deyil. Qərbdə yol polisinin cinayətkarı zərərsizləşdirmək üçün silahı, elektroşoku və qandalları var”.

Mənbə: Milli.Az

 

21 noyabr 2014
GO BACK