Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, yanız tanıdığımız adamların deyil, bizə yad olan məşhurların da həyatı ilə maraqlanırıq:
"Şəxsi həyat bir çoxlarına o qədər çəkici gəlir ki, xeyli vaxt sərf edərək, hətta işdən də yayınaraq müğənni və aktyorların şəxsi həyatlarını əks etdirən məqalələri oxuyur, şəkillərinə və bu haqda olan videolara baxırlar. Bu istəyin səbəbləri müxtəlif olur. Kiminsə zənginliyi, məşhurluğu, gəncliyi və s. üstünlükləri maraq doğura bilər. Bu səbəbdən də məşhur və müğənnilərin şəxsi həyatı, xüsusilə, diqqət mərkəzindədir".
Psixoloq bildirir ki, məşhurların həyatı ilə maraqlanaraq insanlar qayğılarla dolu gününə rəng qatır, informasiya almağa olan tələbatı ödəyirlər: "Elə adamlar var ki, onları başqalarının bədbəxtlikləri sakitləşdirir. Hansısa bir müğənni və ya tanış bir insanın pis vəziyyəti təsəlli verə bilər. Məsələn, müğənni məşhurdur və zəngindir. Üstəlik gözəl və istedadlıdır. Amma onun da yoldaşı ona xəyanət etdi və ya o da boşandı. O da xəstələndi və s. İnsan düşünəndə ki, bədbəxtliklər yalnız onun başına gəlir, çox pis olur. Ümidsizliyə qapana, depressiyaya da düşə bilər. Kiminsə ondan da pis vəziyyətə düşməsi isə onu bir qədər məyus etsə də, ruhlandırır. Ona görə, oturub başqasının həyatını müzakirə edir və kiminsə dalınca danışırıq".
Xoşbəxt insanların həyatında isə maraqlı hadisələr azdır. Rzayeva bildirib ki, bizi daha çox xoşbəxt həyat qəfil əks bir istiqamət aldıqda maraqlandırmağa başlayır: "Bu zaman, hətta "Gör nə günə qaldı", "Kimin əvvəli, kimin axırı" kimi ifadələri də işlətməyi vərdiş etmişik".
Müsahibimizin sözlərinə görə, elə insanlar var ki, başqalarının həyatı ilə ifrat dərəcədə çox maraqlanırlar. Belə insanlarda özgüvən əskikliyi müşahidə olunur. Onlar özünü uğursuz hesab edir və özləri haqda nədən söhbət edəcəklərini bilmirlər. Bu səbəbdən də başqaları ilə tanışlarının həyatını müzakirə etməyi sevirlər. Belə insanların bir qismi öz şəxsiyyətinə tənqidi münasibət bəsləyir, özünü qəbul edə bilmir. Özünü qiymətləndirmək əvəzinə başqasının həyatını müşahidə edir, onların hansısa hərəkətlərini pisəyir və ya tərifləyirlər. Kiminsə şəxsi həyatı ilə bağı yeniliyi günün əsas xəbərinə çevirirlər. Misal üçün, müğənnilərdən biri maşın aldı, qəzaya düşdü, boşandı, açıq fotolar çəkdirdi və s. Onların mövzusunda söhbət etməyi çəkinən insanlardan xoşlanmır və belə adamları ağılsız və maraqsız hesab etməyə başlayırlar.
Psixoloq qeyd edib ki, boş vaxtı çox olan və məşğuliyyətləri olmayan insanlar da yaranan boşluğu başqalarının şəxsi həyatı ilə maraqlanmaqla doldururlar: "Başqalarının şəxsi həyatı ilə daha çox qadınlar maraqlanır. Bir çox qadınlar üçün kiminsə dalınca danışmaq sevilən məşğuliyyətə, zövq verən söhbətə çevrilir. Əsasən də, qohumlar arasında, iş kollektivində kiminsə şəxsi həyatını müzakirə etməyi sevirlər. Əgər kimsə onun şəxsi həyatının müzakirə obyektinə çevrildiyini müşahidə edibsə, buna fikir verməməlidir. Bununla yanaşı şəxsi həyatını qapalı saxlamalı, problem və uğursuzluqlarını, eləcə də, həyatında baş verən vacib hadisələri bir müddətlik olsa da, müzakirə etməməlidir. Gec-tez mövzular köhnələcək və həmin adamın şəxsi həyatı diqqət mərkəzində olmayacaq. Başqa bir isnanı obyekt kimi seçəcəklər. Bunun əksinə olaraq şəxs reaksiya versə, onu müzakirə edənlərlə dalaşsa, öz problemlərini bölüşməyə davam etsə, söhbət üçün yeni mövzular yaranacaq".
Mənbə: Milli.Az