Qadin.NET / Metromuz fransızlaşdırılır

Metromuz fransızlaşdırılır

 

Metromuz fransızlaşdırılır

Fransanın “Thales SA” şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq “Bənövşəyi xətt”ə tətbiq ediləcək SCADA (dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi ilə bağlı “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində kurslara başlanılıb.
ANS PRESS xəbər verir ki, QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, fransız mütəxəssislərin keçdiyi ikihəftəlik məşğələlərdən sonra 6 müdavim Türkiyənin İstanbul şəhərində növbəti kurslara başlayıb. Məşğələlər “Thales SA”nın İstanbul Metropolitenindəki tədris mərkəzində davam etdirilir. Üç həftə ərzində Bakı Metropoliteninin nümayəndələri orada CBTC sisteminin işi ilə praktiki tanış olacaqlar. Qrupun üzvləri elektronika, informatika sahəsində bilik və müəyyən iş təcrübəsi olan mütəxəssislərdir. İstanbul metrosunda məşğələlər başa çatdıqdan sonra, tədris prosesinin üçüncü mərhələsi başlayacaq. Bu mərhələdə məşğələlər yanvar ayında Kanadanın Toronto Metropolitenində keçiriləcək.
Qeyd edək ki, “Thales SA” ilə imzalanan müqaviləyə əsasən Fransa şirkəti Bakı Metropolitenini müasir tələblərə cavab verən, ən son texnoloji idarəetmə və işarəvermə avadanlıqlarının alınması, quraşdırılması, proqram təminatının həyata keçirilməsini təmin edəcək. İlk mərhələdə alınacaq avadanlıqlardan metropolitenin “Avtovağzal” və “Memar Əcəmi-2” (“Bənövşəyi xətt”) stansiyalarında istifadə olunacaq. Artıq “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının tikintisi başa çatıb, avadanlıqların quraşdırılması işləri gedir. Yeni sistemin tətbiqi Bakı Metropolitenində bütün idarəetmə və işarəvermənin tam avtomatlaşdırılmasına, həmçinin bu sahədə insan amilinin minimuma endirilməsinə imkan yaradacaq.

 

Mənbə: ANS PRESS

21 noyabr 2014
GO BACK