Qadin.NET / Əlağa Şıxlinskinin 150 illik yubileyi keçiriləcək

Əlağa Şıxlinskinin 150 illik yubileyi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev General Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. 
Milli.Az-ın Azər Tac-a istinadən məlumatına görə, sərəncamda deyilir: 
"2015-ci ilin aprel ayında Azərbaycanın görkəmli hərbi xadimi, tanınmış hərbçi alim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin anadan olmasının 150 illiyi tamam olur.
XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan general-leytenant Əlağa Şıxlinskinin 150 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin". 

Mənbə: Milli.Az

20 noyabr 2014
GO BACK