Trend-in məlumatına görə, Q.Paşayeva xüsusilə orta məktəb müəllimlərinin böyük bir hissəsinin ipotekadan yararlana bilməməsinə diqqət çəkərək bu məsələnin həllini xahiş edib. O bildirib ki, orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əməkhaqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər.
O təklif edib ki, orta məktəb müəllimlərinin ipotekadan öz mənzil problemlərinin həlli üçün yararlana bilməsi məqsədilə mexanizmlərə ehtiyac var: “Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimizə böyük dəstək olardı. Mən orta məktəb müəllimlərimizin əməkhaqlarının artmasının da önəmli olduğunu düşünürəm və inanıram ki, hökumət üzvlərimiz gələn ilin dövlət büdcəsi çərçivəsində bu məsələyə də xüsusi diqqətlə yanaşacaqlar. Amma maddi imkanları aşağı olan insanlar üçün mütləq sosial evlər tikilməli və uzunmüddətli az ödəmələrlə maddi imkanları aşağı olan ailələrin ixtiyarına verilməlidir. İnanıram ki, bu məsələ də yaxın zamanlarda öz həllini tapacaq”.
Mənbə: Milli.Az