“Gələn ilin büdcəsindən sosial ipoteka kreditlərinin maliyyələşdirilməsinə 50 milyon manat vəsait ayrılıb. Bu da 2015-ci ildən cəmi 1000 ailənin kreditdən yararlanacağı deməkdir”.
Milli.Az anspress-ə istinadən bildirir ki, bunu Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Millət vəkili qeyd edib ki, büdcədən hər il sosial ipoteka kreditlərinin maliyyələşdirilməsinə nəzərdə tutulan vəsaitin 10 milyon manat artırılması aşağı göstəricidir: “Bununla insanların mənzil problemi həllini tapmır. Hesab edirəm mənzil tikintisini stimullaşdırmaq üçün bu sahəyə vergi müvəqqəti ləğv edilməlidir. Problem həllini tapdıqdan sonra vergi bərpa edilə bilər”.
Deputat Bakı şəhərinin statusu ilə bağlı xüsusi qanun qəbul edilməsini təklif edib. “Bakının mərkəzində hündür mərtəbəli binaların inşası mərkəzdə sıxlığa səbəb olur. Şəhərin mərkəzi ilə bağlı qırmızı dairə müəyyənləşə, bu dairədə hündür mərtəbəli binaların inşası qadağan oluna bilər. Necə ki, İçəri şəhəri qoruyuruq, şəhərin mərkəzi ilə də bağlı da belə addım ata bilərik”.
Mənbə: Milli.Az