APA-nın məlumatına görə, bunu Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Aydın Mirzəzadə deyib.
Paytaxtda strateji obyektlərin olduğunu deyən millət vəkili belə qanunun qəbulunu vacib sayır.
A. Mirzəzadə bu qanunda paytaxtda tikinti sahəsində müəyyən normaların müəyyənləşdirilməsinin əks olunmasını məqsədəuyğun sayır: “Bakının mərkəzində hündür mərtəbəli binaların inşası mərkəzdə sıxlığa səbəb olur. Şəhərin mərkəzi ilə bağlı qırmızı dairə müəyyənləşə bilər. Bu dairədə hündür mərtəbəli binaların inşası qadağan oluna bilər və ya mərkəzdə tikiləcək binaların sayı və mərtəbələrinin sayını göstərmək olar. Hesab edirəm ki, bizim bu sahədə təcrübəmiz var. Biz necə ki, İçərişəhəri qoruyuruq, şəhərin mərkəzi ilə də bağlı da belə addım ata bilərik”.
Bundan başqa, millət vəkili hesab edir ki, Bakıda avtodayanacaqların sayı artırılmalıdır. O şəhərin sıx olan yerlərində avtodayanacaqların inşası üçün vergi güzəştlərinin tətbiq olunmasını da təklif edib.
Mənbə: Milli.Az