Milli.Az Azər TAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nassar Al-Habaşnehin etimadnaməsini qəbul edib.
Səfir Nassar Al-Habaşneh fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Nassar Al-Habaşneh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Nassar Al-Habaşneh İordaniya Kralı II Abdullahın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasında mövcud olan dostluq münasibətlərinin önəmini vurğuladı. İordaniyalı diplomat ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.
İordaniya Kralı ilə yaxşı dostluq münasibətlərinin olduğunu vurğulayan dövlətimizin başçısı İlham Əliyev II Abdullah ilə Azərbaycanda, İordaniyada və müxtəlif beynəlxalq sammitlərdə, konfranslarda görüşlərini məmnunluqla xatırladı. Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd etdi.
Prezident İlham Əliyev II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.
Mənbə: Milli.Az