Qadin.NET / Dəyərindən qat-qat ucuz satılan sarı "qızıl"

Dəyərindən qat-qat ucuz satılan sarı "qızıl"

 

Halbuki, ondan milyonlar qazanmaq olar...
Payız bolluq, bərəkət fəsli adlandırılır. Hazırda meyvə bağlarında qızğın iş gedir. Belə ki, kimisi bağının məhsulunu özü yığıb bazarda satmağa üstünlük verir, kimisi də meyvəsi bol olduğundan tədarük edib bir az sonra daha baha satmaq barədə düşünür. Lakin bu mövsümdə kəndlilərin qayğıları da xeyli artır. Bu il bol olan məhsullardan biridə xurmadır. Bildiyimiz kimi, xurma bir sıra subtropik ölkələrdə (cənubi Asiya, Afrika, Amerika) geniş yayılmış meyvədir. Xurma birtoxumlu, ətirli və şirin, dadlı meyvədir. Azərbaycanda becərilən xurmalar dadına görə subtropik ölkərdə becərilən xurmalardan heç də geri qalmır. Buna misal olaraq, Ağdaşda yetişən xurmaları qeyd etmək olar. Qonşu Rusiyada da bu meyvənin həddən artıq sevilməsi xurma əkib-becərən fermerlərimizin işinə yarayır. Belə ki, bu ölkəyə xurma ixrac edən fermerlərimiz qazanc əldə edirlər. “Amma hər kəs buna nail olur” iddiasına düşmək də doğru olmazdı. Bəs bu sahədə fermerlər nə kimi problemlərlə üzləşirlər? Xurmadan əldə olunan qazanc borcunu ödəyirmi? Bu və digər suallara cavab almaq məqsədilə yolumuzu Ağdaş rayonunun Dəhnəxəlil kəndindən saldıq. Kənd sakini, fermer Pərvanə Əhmədova bizi gülərüzlə qarşıladı. Elə xurma bağlarındakı qızılı rəngli meyvələr də bizdə xoş ovqat yaratdı.
“Allahın Ağdaşa bəxş etdiyi gözəl nemət” 
Pərvanə xanım bu il məhsulun bol olduğunu söylədi: “Bu il məhsulumuz boldur. Yay ayları quraq keçdiyindən meyvələr bir qədər xırda idi. Ancaq son vaxtlar yağan yağışlar meyvələrə müsbət təsir göstərdi. Qeyd edim ki, 3 hektar meyvə bağım var. Onun 2 hektara yaxını xurma bağıdır, qalan 1 hektar isə qarışıq meyvələrdir. Təxminən 700-dən çox xurma ağacım var. Bağdakı ağacların calaqlarını özümüz vurmuşuq”. 
Pərvanə xanım 3 növ xurma yetişdirdiklərini söylədi: “Bildiyimiz kimi, xurmanın Azərbaycanda vətəni əsasən Qax, Zaqatala, Balakən hesab edilir. Ağdaş rayonunda da xurma bağları üstünlük təşkil edir. Ona görə ki, Ağdaş rayonu aran rayonudur, burada hava şəraiti isti keçir, həm də torpaqları münbitdir. Bundan əlavə, bizlərdə bu meyvənin yetişdirilməsinə böyük həvəs var. Allahın Ağdaşa bəxş etdiyi gözəl nemətlərdən biri də xurmadır”. 
Soyuducu anbara ehtiyac var 
“Ağdaş bazarında bu meyvəyə tələbat azdır, çünki əksər insanların həyətində xurma yetişir. Bəs bu meyvəni başqa yerlərdə aparıb satmaqda və ya tədarük etməkdə problem yaşamırsınız ki?” sualımıza xanım fermerin cavabı belə oldu: “Problem yoxdur” desəm, yalan olar. Amma bu il ötən illə müqayisədə xurmanın Rusiyaya aparıb satılması rahatlaşıb. Hazırda kəndimizdə 10 ədəd “KamAZ” markalı maşın var ki, bağlardan fermerlərin məhsullarını yığır. O ki qaldı meyvələrin tədarükünə, mən deyərdim ki, Ağdaşda meyvələrin saxlanması üçün soyuducu anbarlara ehtiyac var. Əgər xurmanı saxlamaq üçün soyuducu anbarlar olsaydı, məhsulu indi yox, yanvar-fevral aylarında satardıq və daha çox qazanc əldə edərdik. Məsələn, sizə bir misal deyim, hazırda bir yeşik xurmanın qiyməti 7 manat - 1 kiloqramı təqribən - 0,80 qəpikdirsə, qış aylarında kiloqramı 3-4 dəfə baha - 2-3 manat arasında dəyişir. Bəzi fermerlərimiz var ki, xurmanı qonşu Göyçaydakı soyuducu anbarlarda, Ləki Dəmiryol Vağzalına xüsusi gətirilmiş vaqon- soyuducularda saxlayırlar, amma bu, baha başa gəlir. Rayonumuzda da soyuducu anbarlar olsaydı, yaxşı olardı”. 
Ailəmizin dolanışığını bu işdən əldə olunan gəlirdən əldə edirik  
Pərvanə Əhmədova çəkdikləri zəhmət müqabilində əldə etdikləri gəlirdən də danışdı: “Qızım Xarici Dillər Universitetində oxuyur. Onun illik təhsil ödənişini xurmadan gələn gəlirdən qarşılayıram. Nəinki təhsil haqqını, yoldaşımın İranda müalicəsini, bir çox ödənişləri, ailəmizin dolanışığını bu gözəl nemətdən əldə olunan gəlir hesabına təmin edirəm. Xurma dərildikdən sonra tez xarab olmur. Dərilməsini isə hava şəraiti ilə əlaqədar ləngitmək mümkündür. Bu ləngimələr zamanı meyvə öz keyfiyyətini itirmir. Bir sözlə, bu meyvəni ağdaşlıların “qızılı” hesab etmək olar. 
Xurmanın faydaları 
Xurmanın tərkibində olan fosfor, beyinin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Sinir sisteminə müsbət təsir göstərir. Xurma bəlğəmə, nəfəs borusuna və öskürəyə qarşı effektlidir. Damarları yumşaldır, qanı təmizləyir, təzyiqi nizamlayır. Böyrəklərin yuyulmasında effektlidir, onların daha yaxşı işləməsini təmin edir. Xurmanın suyu böyrək daşlarının parçalanmasında çox faydalıdır. Xurmanın açqarınına yeyilməsi də orqanizmə müsbət təsir göstərir. Bundan başqa, xurmanın görmə qabiliyyətini qüvvətləndirdiyi bildirilir.
Mənbə: Milli.Az

 

18 noyabr 2014
GO BACK