Qadin.NET / 60 manat ver, baba ol

60 manat ver, baba ol

 

Şaxta baba və Qar qız olmaq istəyənlərə lisenziyalar veriləcək

Onun gəliri uşaqların əyləncəsindən çıxır. Əsas məşğuliyyəti klounluq etmək olan 43 yaşlı Rəncbər Tağıyevin Yeni il bayramı ərəfəsində bəxti üzünə gülür. Çünki o, artıq 5 ilə yaxındır ki, Bakı küçələrində Şaxta baba libasında dolaşır.
“Yeni il bayramı mənim üçün xoşbəxtlik deməkdir. Çünki Şaxta baba kimi uşaqları əyləndirməkdən çox xoşum gəlir. Üstəlik, bu məşğuliyyətlə pul da qazanıram. Bundan böyük xoşbəxtlik ola bilməz. Uşaqlarla işlədikcə qəlbimdə saflıq duyuram”, - deyən Rəncbər Tağıyev səbirsizliklə Yeni il bayramını gözləyir.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, hər il dövlət rüsumu qismində 60 manat pul ödədiyini deyən Rəncbər Tağıyev bu bayrama da xüsusi hazırlaşıb. O, ümid edir ki, bu il də dövlət rüsumu 60 manat olaraq qalacaq.
Məsələyə aydınlıq gətirmək üçün anspress Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovla əlaqə yaradıb. Qurum rəsmisinin verdiyi məlumata görə, bu il də ötən illərdəki kimi Şaxta baba və Qar qız olmaq üçün tələb olunan rüsumun məbləği artırılmayacaq.
"Onlar "yolka" qurub, Şaxta baba və Qar qız kimi xidmətlə məşğul olmaq üçün bizdən yer alırlar. Şaxta baba olmaq üçün dövlət rüsumu 60 manat müəyyən olunub. Biz yeri müəyyən edirik. Amma Şaxta baba, Qar qızın xidmət haqqı və foto çəkdirmək üçün tələb olunan pulun məbləğinə qarışmırıq. Bunun bizə dəxli yoxdur. Biz ancaq yolkaların qurulması üçün yeri müəyyən edirik. Müraciət edən şəxsləri, demək olar ki, tanıdığımıza görə, onlarla işləmək daha rahatdır. Əlbəttə, əgər yeni şəxslər də müraciət edərlərsə, onlara da lisenziya verilməsi üçün baxılacaq”, - deyə Əliabbas Bağırov vurğulayıb.
Qurum rəsmisi deyir ki, hələlik Bakıda fəaliyyət göstərəcək şaxta babaların və qar qızlarının sayının nə qədər olacağı dəqiq bilinmir: “Müraciət edənlərin sayından asılı olaraq, hələlik paytaxtda nə qədər “yolka” qurulacağı məlum deyil. Geyimlərə gəlincə, şaxta babaların və qar qızların geyimləri sahibkarlar tərəfindən müəyyən ediləcək, yəni Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlar tərəfindən qurulacaq yolkaların, həmçinin Şaxta baba və Qar qız kimi fəaliyyət göstərəcək şəxslərin görkəminə də cavabdeh deyil”.
Qeyd edək ki, şaxta baba və qar qızların lisenziya alması üçün onlar xüsusi tibbi yoxlamalardan keçəcəklər. Onlarda xəstəlik aşkarlanarsa, avtomatik olaraq onlara xidməti lisenziya verilməyəcək.
Bundan başqa, şaxta baba və qar qızlara lisenziyalar verilərkən onların qabiliyyətinə və bacarıqlarına da xüsusi diqqət veriləcək. Onların uşaqlarla ünsiyyət saxlamaq bacarığı və s. məsələlərə diqqət yetiriləcək.

Mənbə: Milli.Az

 

18 noyabr 2014
GO BACK