2014-cü ildə Rusiyadan Azərbaycana olan pul köçürmələrinin həcmində kəskin azalma müşahidə olunub.
Bunu iqtisadçı Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, rəsmi hesablamalar bu məbləğin 1 milyard dollar olduğunu deyir. Lakin bəzi mənbələr köçürülən vəsaitin həcminin rəsmi hesablamalardan 2 dəfəyədək çox olduğunu - 2 milyard dollara yaxın olduğunu bildirir.
“Bununla belə, 2015-ci ildə bu məbləğin 30% azalacağı proqnozlaşdırılır. Beləliklə, məbləğ yeddi yüz milyon dollara enəcək. Buna səbəb isə Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar, Rusiyadakı iqtisadi böhran və rus rublunun aşağı düşməsidir”, - deyə Vüqar Bayramov əlavə edib.
Onun sözlərinə görə, Rusiyadan Azərbaycana pul köçürmələrinin həcminin azalması ölkə iqtisadiyyatına ciddi təsir etməyəcək. Belə ki, qonşu ölkədən göndərilən pullar Ümum Daxili Məhsulun (ÜDM – 75 milyard dollar) yalnız 1,3 faizini, dövlət büdcəsi xərclərinin isə cəmi 4 faizini təşkil edir.
“Bununla belə, nəzərə alsaq ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitin çoxu regionlarda yaşayan ailələrə göndərilir. Demək, köçürülən vəsaitin həcminin azalması bir çox ailələrin sosial vəziyyətinin pisləşməsinə səbəb olacaq. Bu səbəbdən pul köçürmələrinin həcminin azaldılması istənilən halda arzuolunan deyil”, - deyə Vüqar Bayramov bildirib.
Mənbə: ANS PRESS