Qadin.NET / Ermənilər necə cavab verəcək?

Ermənilər necə cavab verəcək?

 

Ermənilər necə cavab verəcək?

Ağdam üzərində helikopterin vurulmasına Ermənistan hərbi yolla cavab verə bilməz. 
ANS PRESS-in məlumatına görə, bu fikir erməni jurnalist Gevorq Mirzayanın “Ekspert.ru” saytında bu gün dərc olunmuş “Ermənistan nə ilə cavab verəcək?” məqaləsində vurğulanır. 
“Azərbaycan ərazisinə hücum Ermənistanı təcavüzkara çevirir. Xalis hüquqi baxımdan Azərbaycanın hava hücumundan müdafiə qüvvələri ölkə üzərində aşkarlanan istənilən xarici hava obyektini vura bilər. Buna görə də, bu məsələdə Moskva üçün KTMT-dən olan müttəfiqini dəstəkləmək üsulunu tapmaq çətindir”,- deyə Gevorq Mirzayan vurğulayıb. 
Məqalə müəllifinin fikrincə, Ermənistan assimetrik qeyri-hərbi cavab verməlidir. Gevorq Mirzayan erməni blogerlərin belə bir cavab kimi müxtəlif versiyalar irəli sürdüyünü vurğulayır. Erməni blogerlərin fikrincə, Xankəndi hava limanına üçüncü ölkədən hava reysi təşkil etmək lazımdır. Bu fikri Dağlıq Qarabağdakı işğal rejiminin rəhbərliyi də dəstəkləyir. “Əgər Azərbaycan üçüncü ölkənin təyyarəsini vurarsa, onda üçüncü ölkə ilə arasında münaqişə yaranar”,- deyə Dağlıq Qarabağdakı işğal rejiminin mətbuat xidmətinin başçısı David Babayan bildirib.
Amma Gevorq Mirzayan bu fikri uğursuz sayır: “Məsələ bundadır ki, üçüncü ölkənin avia şirkəti ora uçmayacaq. Dağlıq Qarabağ tanınmayıb, onun ərazisi Azərbaycan ərazisi sayılır. Beynəlxalq Mülki Aviasiya Təşkilatı, sadəcə, bu uçuşu lisenziyalaşdırmayacaq. Həm də Azərbaycan bildirib ki, oraya uçan bütün təyyarələri vuracaq. Aviaşirkətlər öz laynerlərini və sərnişinlərini təhlükə altına salmazlar”. 
Müəllifin fikrincə, bir sıra erməni jurnalistlər məsələnin çox sadə yolunu tapıblar. “Onların fikrincə, Stepanakert (Xankəndi - red.) hava limanına ilk olaraq Ermənistan prezidenti Serl Sarkisyanın təyyarəsini göndərmək lazımdır. Jurnalistlər deyir ki, Azərbaycanın bu təyyarə ilə bağlı verəcəyi istənilən qərar Ermənistanın maraqlarına uyğun olacaq”, - deyə Gevorq Mirzayan vurğulayır.

 

 

Mənbə: ANS PRESS 

17 noyabr 2014
GO BACK