Qadin.NET / Kimlərin pərdə və plyonkası sökülməyəcək?

Kimlərin pərdə və plyonkası sökülməyəcək?

Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına verilən icazənin müddəti bitib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin iqlim şəraiti nəzərə alınmaqla hər il noyabrın 15-dən mayın 1-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə qadağa qoyan qərar qüvvəyə minib. Maraqlıdır, pərdə və plyonkalara qoyulan qadağa hamıya şamil ediləcək, yoxsa?
Mütəxəssislər, ümumiyyətlə, avtomobillərdə pərdə və jalyüzlərə qoyulan qadağanın mövsümi olmasını məntiqsiz addım sayır. Hüquqşünas Müzəffər Baxış isə Milli.Az-a bildirdi ki, pərdə və plyonkaların mövsümi olaraq taxılması ilə bağlı müxtəlif fikirlər var. Hakimiyyət və dövlət orqanları bildirirlər ki, plyonkanın olmaması cinayətkarlığın qarşının alınması üçün atılmış addımlardan biridir. Onda sual olunur ki, əgər cinayətin qarşının alınması üçündürsə, bəs niyə 6 ayda icəzə verilir? Axı plyonka-pərdəli avtomobildə törədilən cinayətkar uzağa gedə bilməz.
Hüquqşünasın sözlərinə görə, həm də bu addımı iqlim, hava şəraiti ilə əlaqələndirirlər, yay aylarında istifadəsinə icazə verilir, qışda yox. Dünyanın əksər ölkələrində pərdə və plyonkaya məhdudiyyət qoyulmur.
M.Baxış hesab edir ki, əslində, bu əsaslandırmanın özü hüququn prinsiplərinə uyğun deyil: “Yay aylarında altı ay ərzində plyonkadan istifadə edə bilirəmsə, işıqlı vaxtların azaldığı qış mövsümündə qadağa qoyulmasının məntiqi əsasını başa düşmürəm. Düşünürəm ki, altı ayda icazə verirlərsə, bu məhdudiyyət o biri aylar üçün də ləğv olunmalıdır. Kriminal hadisələrin törədilməsi və fəsil məsələləri ilə bağlılğı yoxdur. Kriminalı plyonkalı maşında da törətmək olar, plyonkasızda da. Pərdə-plyonkanın qadağasının elmi əsası olmalıdır. Məhdudiyyəti tətbiq edən şəxslər sübut etməlidirlər ki, pərdə ilə avtonəqliyyat vasitəsini idarə etməyin hansısa təhlükəsi var. Yoxsa yayda olsun, qışda olmasın kimi yanaşılmamaldır”.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, pərdələrin yığılması bütün nəqliyat vasitələrinə şamil olunur, hətta vəzifəli şəxslərə də. Qadağalara məhəl qoymayan sürücülər 150 manat miqdarında cərimə olunacaq.

Mənbə: Milli.Az

17 noyabr 2014
GO BACK