“Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda belə bir məlumat yer alıb: “Hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir). Qeyd olunanlar ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər”.
Göstərilən rəqəmlər və bu rəqəmlərə elə Dövlət Proqramında verilən izah təəssüfləndirir və düşünməyə vadar edir. Bu gün müasir Azərbaycanımızda 7-ci əsrin bədəvi ərəb təfəkkürünə və dünyagörüşünə malik insanlar hələ də yaşamaqdadır. Onlar artıq dünyaya gələn qızları qətlə yetirirdilər, müasirlərimiz isə ana bətnində formalaşmaqda olanları. Özü də bu insanların sayı kifayət qədərdir. Əks təqdirdə onların davranışları ölkə səviyyəsində statistik göstəricilərə təsir edə bilməzdi.
Nəzər saldığımız problem bu məmləkətdə yaşayan hər kəsə yaxşı tanışdır. Kiminsə yaxın, kiminsə uzaq qohumlarında, kimin isə qonşularında və ya tanışlarında belə bir hal yaşanıb, belə bir dilemma gündəmə gəlib: ana bətnində yenicə formalaşmağa başlayan qıza dünyaya gəlmək şansı tanınsın, yoxsa “bəxtinizi bir daha sınayın” məsləhətinə üstünlük verilsin? Əslində, bu problem heç də müasir dövrün meydana gətirdikləri sırasında deyil. Belə hallar hələ onilliklər öncə müşahidə olunmağa başlayıb. Müasir tibb texnologiyasının inkişafı hamiləliyin erkən çağlarında uşağın cinsini müəyyən etməyə imkan yaratdı. Bu da nəticədə əhalinin demoqrafik durumuna ciddi təsir göstərdi. Əksər ailələr “evlərinə dirək” əldə etmək istədilər, “duz yükü” qarşısında isə “qırmızı işıq” yandırdılar. Nəticə də göz qabağındadır.
Amma məsələni bir aspektdən dəyərləndirmək də düzgün olmazdı. Camaatımızda belə təfəkkürün formalaşmasına bir çox amillər təsir göstərir ki, onlardan biri də son zamanlar boşanmaların sayının kəskin surətdə artmasıdır (əlbəttə ki, bu uşaqların cinsi mənsubiyyətinə görə abortlara bəraət qazandırmır). Yaxınlarının, tanışlarının qızlarının nə qədər bədbəxt olduğuna, bəzən 2-3 il öncə dəf-zurna ilə tərk etdikləri ata evinə bir, hərdən daha artıq uşaqla qayıtdıqlarına şahidlik edənlər artıq özləri bir valideyn kimi eyni sarsıntını yaşamaq istəmirlər, qızlarını elə ana bətnində öldürməyə qərar verib bir növ özlərini sığortalayırlar. Başqa sözlə, öz rahatlıqları naminə qatilə çevrilirlər. Amma belə qərarlara imza atanlar sanki hər şeyin Allahın nəzarətində olduğunu, bütün hökmlərin Onun tərəfindən verildiyini unudurlar. Unudurlar ki, Tanrı Onun oğlan payına qucaq açıb qız payını məhv edənlərdən bir gün o qəbul etdikləri payı da geri ala bilər.
İnsafən deməliyik ki, dindar ailələrdə nəzər saldığımız problem praktiki olaraq yaşanmır. Allahın təqdirinə hər bir işdə boyun əyən dindar bu məsələdə də tam olaraq Tanrının bəxş etdiyi nemətə qane olur. Övlad həqiqətən Allahın payı və nemətidir. İstər oğlan olsun, istərsə də qız.
Amma problemi yalnız dindar ailələrin bəslədiyi münasibətlə aradan qaldırmaq mümkünsüzdür. Bunun üçün birgə səylər gərəkdir. Dövlət strukturları və qurumları öz yerində. Amma məhz dindar təbəqə də problemin həllinə töhfəsini verməlidir. Ətrafdakılara, yaxınlara, qohumlara məsələnin mahiyyətini izah etmək, Allahın elminin bəşər tərəfindən dərk edilməsinin mümkünsüzlüyünü çatdırmalıdırlar. Bu, elə yaxşılığa dəvət və pisliklərdən çəkindirmənin bir hissəsidir. Yəni, hər birimizin vəzifəmizdir. Allah bu vəzifəni layiqincə yerinə yetirməyə hər bir müsəlmana qüvvət və iman bəxş etsin.