70 yaşlı Kamran müəllim sovet dövründə yediyi meyvə-tərəvəzin dadını unuda bilmir. O deyir ki, o zamanlar meyvə-tərəvəzin dadı başqa idi. Pomidor-xiyar, alma, üzüm kimi meyvə-tərəvəzlərin ətri, dadı adama ləzzət edirdi. İndi isə onların gözəl görünüşündən başqa nə dadı var, nədə ki iyi.
Anspress-in məlumatına görə, bu gün insanlar Kamran müəllim kimi bazar və dükanlarda satılan məhsulların keyfiyyətindən narahatdırlar. Geni modifikasiya olunmuş məhsullar (GMO) dünya bazarına çıxdıqdan sonra insanlarda çaşqınlıq yaranıb.
Məsələn, pomidoru əvvəllər kəsəndə içərisi eyni rəngdə olurdu, amma indi kəsəndə içində ağ damar olduğunu görürük. Bu, ona nitratın çox vurulması ilə əlaqədardır.
İnsan orqanizmi üçün zərərli olan məhsullar isə kimyəvi maddələrin tətbiqi nəticəsində istehsal edilən məhsullardır. Bu gün fermer yüksək məhsul əldə etmək üçün daha çox mineral gübrədən istifadə edir, bu isə öz növbəsində əldə olunan məhsulda orqanizm üçün zərərli olan toksik maddənin, yəni zəhərin miqdarını artırır.
Anspress-in məlumatına görə, dünya alimləri isə bu mövzu ilə bağlı iki qismə ayrılıblar. Bir qismi geni dəyişirilmiş meyvə və tərəvəzlərin insan orqanizminə zərərli olduğunu iddia edir. Digər qism isə əksini düşünür.
Məsələn, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov anspress-ə bildirib ki, son zamanlar bitki istehsalının, dözümlülüyünün artırılması, normal inkişafını təmin etmək üçün şərait yaranıb. Artıq gen modifikasiyası yolu ilə bitkinin zərərvericilərə, ətraf mühitə qarşı müqavimətini yüksəltmək mümkündür. Bununla yanaşı, məhsuldarlıq da artırılmış olur.
O, qeyd edib ki, bu gün insanlarda çaşqınlıq yaranıb. İnsanlar GMO məhsulların orqanizmə ziyan verəcəyini düşündüyü üçün seçim etməkdə çətinlik çəkirlər.
Buna da səbəb bir çox bu sahədən xəbərsiz insanın və bəzi elmi mərkəzlərin qəsdən yaydığı yanlış informasiyalardır. Bəzi elmi mərkəzlər GMO yolu ilə digər ölkələrin də təsərrüfat sahəsində irəliləyə bilməsinin qarşısını almaq üçün yalnış fikirlər ortaya atır.
Lakin GMO məhsullarının insan orqanizmi üçün hər hansı bir formada zərərli olması ilə bağlı heç bir fakt yoxdur. Bu günə qədər belə məhsullardan zəhərlənmə, ciddi bir fəsad, ölüm halları da aşkarlanmayıb.
Ekspert qeyd etdi ki, inkişaf etmiş ölkələrin bazar və dükanlarında məhsulların üstünə GMO olub-olmadığı haqqında məlumat yazılır. Bizdə də bu tətbiq olunmalıdır.
Respublikanın müxtəlif səviyyədə rəsmi qurumlarından GMO məhsulların müəyyən edilməsi ilə üçün texniki vasitələrin gətiriləcəyini, laboratoriyaların qurulacağını bildirsələr də, hələ ki, bu istiqamətdə heç bir addım atımayıb. Ölkədə GMO üzrə heç mütəxəssis də yoxdur.
Buna görə də sadə vətəndaşlar hansı məhsulların GMO olduğunu bilmədikləri üçün, əsasən, təbii məhsullarla qidalanmağa üstünlük verməlidirlər.