Milli.Az 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisiNikolay Adamın Affa.Az saytına müsahibəsini təqdim edir.
- Elit-raunda vəsiqə qazanmağınız münasibəti ilə təbrik edirik. Əvvəlcə qrupun son oyunu haqda fikirlərinizi bilmək istərdik.
- Birinci hissədə uşaqlar yüksək səviyyədə çıxış etdilər. Bununla da onlar futbol oynamağı bacardıqlarını sübuta yetirdilər. Təəssüflənirəm ki, seçmə mərhələ çərçivəsində yalnız bir hissədə oyunumuz belə yaxşı alındı. Xüsusilə qeyd etmək istərdim ki, oyunun ikinci hissəsində edilən əvəzetmələrdən sonra meydandakı futbolçularımızdan 6 nəfəri 1997-ci il təvəllüdlülər idi. Bu o deməkdir ki, həmin futbolçulardan gələn il keçiriləcək növbəti seçmə mərhələnin oyunları zamanı da istifadə etmək mümkün olacaq.
- Fasilədən sonra birinci hissənin davamı niyə gəlmədi?
- Bunu indi deyə bilməyəcəm. Ola bilsin, ikinci hissənin əvvəlində qol buraxdıq. Bu qoldan sonra bəlkə də uşaqlarda gərginlik yarandı. Önəmlisi odur ki, onlar qələbə hesabını qoruya bildilər. Unutmayaq ki, Sloveniya yığması da güclü rəqibdir.
- Macarıstan və Slovakiya ilə oyunlarda komandadan narazı qaldığınızı bildirdiniz. Bu müddət ərzində bunun səbəbini araşdıra bilmisinizmi?
- Səbəblərdən biri uşaqların çox əsəbi olması idi. Digər tərəfdən insan nəyisə həddindən artıq istəyirsə, bəzən bu əks nəticə də verə bilər. Sonda onu əldə etməyə çətinlik çəkirsən. Köməkçilərimlə birgə komandanın zəif oyununun səbəblərini araşdırdıq. Son məşqimizi də bunun əsasında qurduq. İki ötürməli çalışmalara çox yer verdik.
- Futbolçular arasında böyük ümidlər bəslədiyiniz, amma bunun əksini sizə qaytaranlar necə, oldumu?
- Futbolçuların yarısı 1997-ci il təvəllüdlülərdir. Bu yaşda belə hallarla rastlaşmaq mümkündür. Bu gün yaxşı oynayanlardan bir neçəsinin adını qeyd etmək istəyirəm. Məsələn, mərkəz müdafiəçimiz Yusif Nəbiyev ilk 2 matçda iştirak etmədi, amma bu gün meydanda idi. Yusif qırmızı vərəqə aldığından ona şans verdik. O da özünü yaxşı tərəfdən göstərdi, çünki 3 mövqedə rahat oynaya bilir. Yusif müdafiənin mərkəzində, son cinahında və yarımmüdafiənin solunda çıxış etmək qabiliyyətinə malikdir. Buna görə “Qəbələ”nin məşqçilərinə təşəkkür düşür. Çünki bu işlə klublar məşğul olur. Fəhmin Muradbəylini götürək. Sağ cinah müdafiəçimiz zədələndi və ehtiyatda bu mövqedə çıxış edəcək futbolçumuz yox idi. O, müdafiənin cinahında özünü göstərə bildi.
- İlkin seçmə mərhələnin oyunları hansı səhvləri aşkarladı və bu səhvlərdə futbolçuların və məşqçilər korpusunun payı nə qədərdir? Elit-raundda nəyə ümid eləmək olar?
- Elit-raundla bağlı bir söz deyə bilmərəm. Çünki dekabrın 31-də müqaviləm başa çatır. Şadam ki, futbolun inkişafı üçün bir iş görmüşük. Mükəmməl insan yoxdur. Hər kəsin səhvləri olur. Biz bütün müzakirələrə açığıq.
- Bəs komandaya bələd olan biri kimi nə deyə bilərsiniz?
- UEFA-nın saytına nəzər yetirdim və hansı komandaların mərhələ adladığını gördüm. Almaniya, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Hollandiya kimi güclü komandalar mübarizəni davam etdirəcəklər. Futbolda isə hər şey mümkündür. Həm də ən azından futbolçular müəyyən nəticə topladılar. Uğur odur ki, futbolçularımız bir addım da irəliləyib belə top komandalarla oyunlara çıxacaq və təcrübələrini artıracaqlar. Turnir müddətində həm meydanda, həm də meydandan kənarda qarşılaşdığın çətinliklə məşq prosesində heç vaxt rastlaşmırsan. Bu baxımdan komandamız bunu gördü, yaşadı. Bu futbolçulardan bəziləri 2020-ci ildə Bakıda keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarında da iştirak edə bilərlər. Orada təzyiq daha da çox ola bilər. Futbolçular indidən buna alışırlar.
- İlk dəfədir ki, U-17 və U-19 eyni mövsümdə elit-raunda vəsiqə qazanıb. Bu, gələcəyə ümidlə baxmağa əsas verirmi?
- Bu gün sevindirici haldır ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində çıxış edir, U-17 ən yaxşı “üçüncülər”dən biri, biz isə ikinci pillənin sahibi kimi elit-raunda yüksəldik. Amma bu, hər şeyin mükəmməl olduğu anlamına gəlməməlidir. Görüləsi işlər çoxdur. Ən əvvəl məşq meydançaları çox olmalıdır. Böyük stadionları demirəm. Təbii ki, Gəncə kimi şəhərdə də yaxşı stadion olmalıdır. Futbol təhsilinə, tibbinə diqqət yetirilməlidir. Bəzən insanlar uğur qazananda özlərini itirirlər, amma belə etməməliyik. Əksinə, oturub nəyin düzgün olmadığını tapmalı və düzəltməliyik. İki komandamız elit-raunda vəsiqə qazansa da, çatışmazlıqları tapmalı, futbolumuzu daim inkişaf etdirməliyik.
Mənbə: Milli.Az