Qadin.NET / Azərbaycanda İŞİD təhlükəsi varmı?!

Azərbaycanda İŞİD təhlükəsi varmı?!

 

Sumqayıtdakı vəhhabi-sələfilərə qarşı son məlum əməliyyat ölkə media gündəmini tərpətdi. Ekspertləri isə maraqlandıran bir sual var. Ölkədə silahlı radikal dini qruplaşmalar çoxdurmu? Həmin qruplaşmaların İŞİD və digər beynəlxalq terror şəbəkələri ilə əlaqəsi varmı? Ümumiyyətlə, hüquq mühafizə orqanları bunun qarşısını almaqda gecikə bilərlərmi?

Son məlum hadisə, ələlxüsus da 2013-cü il dekabrın 11-də baş vermiş xəvariclərlə sələfilərin silahlı atışması (Qeyd edək ki bu atışma da Sumqayıtda baş vermişdi) bunu göstərir ki, sələfi-vəhhabilər zərərli radikal ideyaları ilə bahəm, silah-sursata da malikdirlər. Bu isə həmin radikal qeyri-ənənəvi dini qruplaşmaların din təbliğatlarının arxasında başqa məqsədlərinin də olduğunu ortaya qoyur. 
Milli.Az islam.az-a istinadən bildirir ki, iki gün öncə, Sumqayıtda sələfi fəallardan biri saxlanılıb. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev tutulub. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan “Valter” markalı tapança aşkarlanıb. 
Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə də baxış keçirilib. Bu zaman həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkarlanıb. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb. 
Həbs olunan Zöhrab Şıxəliyev indiyədək xəvaric sayılan ən radikal qrupun adamı kimi tanınmamışdı. Lakin əgər onun evindən və üzərindən bu qədər silah tapılması faktı təsdiq olunarsa, onda vəziyyət düşünüləndən də təhlükəlidir. Çünki, əgər xəvaric sayılmayanın evindən bu qədər silah çıxırsa, onda ya xəvariclər, yəni İŞİD-in qatı tərəfdarları, daha güclü silahlanıblar və hazırda ölkədə ciddi təhlükə mənbəyidirlər, ya da Şıxəliyev kimilər elə xəvaricdir, amma sadəcə mötədil sələfilər adı altında özlərini gizlədə bilirlər. Araşrıdılması zəruri olan faktlardan biri də məhz budur. 
Onu da xatırladaq ki, 2013-cü ilin dekabrında Sumqayıtda xəvariclərlə sələfilər arasında baş vermiş atışma zamanı avtomat silah və qumbaraları da məhz mötədil sayılan qrup istifadə etmişdi, xəvaric hesab olunanlar deyil.
Mənbə: Milli.Az

 

16 noyabr 2014
GO BACK