Bəndənin Allahı sevməsi Allahın o bəndəsinə ən böyük lütfüdür.
Xoşbəxtlik - Allahı və Rəsulu sevməkdir, axirətdə hər kəs sevdiyinin yanında olacaq.
Bu elə bir sevgidir ki, vüsalı da öz içindədir, itirmək qorxusu da olmaz.
Bu dünyada ən böyük bəlalar Peyğəmbərlərə gəlib.
Bu dünyada Allahı ən çox sevənlər də elə Peyğəmbərlər olub.
Övladları ölüb, xəstəliklə qıvrılıblar, hər şeyi imtahan bilib, səbirlə qalib olublar.
Xoşbəxtlik - hesab gününün qəhrəmanı olmaqdır, Allahın rizasına qovuşmaqdır.
Fani dünyanın xoşbəxtliyi də özü kimi fani olar, bir anlıq, bir saatlıq...
Xoşbəxtlik - an deyil, anlayışdır, işin mahiyyətini anlamaqdan başlayar.
Kimin hesabı ölümə qədərsə, ötəsini hesaba qatmırsa, burax dünyasıyla başını qatsın.
Biz əbədi xoşbəxtlikdən danışırıq, işartı kimi yanıb-sönən sevincdən yox.
Bu dünyada ikicə yol var: Biri Mövlaya gedər, biri Leylaya.
Mövla dediyin məlum, Mövladan başqa hər şeyin ümumi adı Leyladır.
Bəzən Leylaya gedən yolun da yolçusu yönünü dəyişib Mövlaya üz tutur.
Mövladan dönüb, Leylaya yön alansa xoşbəxtliyin qoxusunu da ala bilməz.
Mənbə: Milli.Az