Azərbaycan prezidentinin 3 fevral 2014-cü il tarixli fərmanının icrası məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib.
Komitədən APA-ya verilən məlumata görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.
İlkin mərhələdə bu kampaniya 13-14 noyabr tarixlərində Saatlı və Şəmkir rayonlarının bir neçə kəndində həyata keçirilib. Kampaniyanın üstünlüklərindən biri də dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır. Belə ki, vətəndaşlar əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər əsasında dövlət reyestrindən çıxarışları ərazi qeydiyyat idarələrinə getmədən bilavasitə yerlərdə əldə ediblər. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək, vaxta qənaət etmək və vətəndaş məmnunluğunu artırmaqdır. Eyni zamanda, xatırladaq ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır. Kampaniyanın keçirildiyi 2 gün ərzində 300-ə yaxın vətəndaşın əvvəllər yaranmış mülkiyyət hüquqlarını təsdiq edən sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub. Noyabr ayından start verilən kampaniya respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdiriləcək.
Milli.Az